Son zamanlar restoranlarda, şadlıq evlərində və digər ictimai-iaşə obyektlərdə kütləvi zəhərlənmə halları tez-tez baş verir. Bu halların qarşısını almaq üçün tədbirlər görülsə də, təəssüflər olsun ki, yenə də zəhərlənmələr təkrarlanır.
Bu halların qarşısının alınması, ümumiyyətlə baş verməməsi üçün hansı tədbirlər görülməli və hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.
“Son zamanlar şadlıq evlərində baş verən zəhərlənmə hallarının təkrarlanması xoşagələn hal deyil. Səbəblər müxtəlif ola bilər.
Restoranlarda məhsulların saxlama şəraiti düzgün seçilmədikdə, temperatur rejiminə əməl olunmadıqda və hazırlanmış qidaların təkrar məclislərdə istifadə olunması və s. bu və ya bu kimi digər səbəblər belə hallara yol açan amillərdəndir.
Əsasən risk qrupuna daxil olan məhsullardan hazırlanan yeməklər daha çox diqqətdə saxlanılmalıdır. Balıq yeməkləri, göbələklərdən hazırlanmış salatlar, tərəvəzli, mayonezli salatlar və bu kimi digər yeməklər xüsusi nəzarətlə hazırlanmalı və insanlara təqdim olunmalıdır.
Saxlama temperaturunun düzgün seçilməməsi, mal qonşuluğuna əməl olunmaması və saxlama şəraitinin gigiyenik qaydalara uyğun olmaması kütləvi zəhərlənmələrə qədər gətirib çıxarır.
Ən əsası insan faktorunun və insan sağlamlığının arxa plana keçirərək qazanc əldə etmək məqsədilə bir neçə gün öncə toydan qalan yeməyi, salatları yenidən məclisə vermək yolverilməzdir”, – ekspert fikrini tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az