ABŞ 1989-cu ildə ailəsini bıçaqlayaraq öldürən, lakin sona qədər günahını inkar edən 75 yaşlı cinayətkarı edam edib.
İnterpress.az xəbər verir ki, Amerikanın Tennessi ştatında 75 yaşlı Oskar Smit həyat yoldaşı Cudit Smiti və onun birinci evliliyindən olan iki oğlunu qətlə yetirməkdə təqsirli bilinərək edam edilib.
Cinayət hələ 1989-cu ildə Neşvildə baş verib. KİV-in məlumatına görə, bütün qurbanlar müxtəlif qətl silahlarından istifadə edilərək vəhşicəsinə doğranıblar: tapança, bıçaq və burğac.
Məhkəmə müəyyən edib ki, Smit ayrıldıqdan sonra arvadını öldürməklə hədələyib və onu öldürmək üçün dostlarına pul təklif edib. 1990-cı ildə məhkəmə onu təqsirli bilib və ölüm hökmü çıxarıb.
Lakin onilliklər ərzində “Amnesty İnternational” da daxil olmaqla insan haqları fəalları məhkəmənin “ədalətsiz” olduğunu əsas gətirərək, yenidən işin araşdırılmasını istəyirlər.
2022-ci ildə müdafiə tərəfi qətl silahında aşkar edilmiş xarici DNT-yə istinad edərək hökmə etiraz etməyə cəhd edib, lakin məhkəmə bu tələbi rədd edib.
Smit bir gün əvvəl, mayın 22-də Riverbend Maksimum Təhlükəsizlik Həbsxanasında öldürücü inyeksiya ilə edam edilib.
Son yeməyi üçün o, hot-doqlar, kartof oladisi və vanilli dondurma ilə alma piroqu sifariş edib.
“Kimsə qubernatora bizim ədliyyə sistemimizin işləmədiyini söyləsin. Onları mən öldürməmişəm”, – onun son sözü belə olub.
Eyni zamanda, bu işin müstəntiqlərindən biri məhkəmənin Smitin günahına şübhə etmədiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az