Britaniya yeni müdafiə strategiyasının bir hissəsi kimi “müharibə hazırlığı” rejiminə keçir.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Kir Starmer Qlazqoda keçirdiyi mətbuat konfransında deyib. O, ölkənin yeni müdafiə strategiyasının bir hissəsi olaraq “müharibə hazırlığı” rejiminə keçdiyini bildirib.
“Biz müharibəyə hazır vəziyyətə keçirik, bu, silahlı qüvvələrimizin əsas məqsədi olacaq”, – Starmer vurğulayıb.
Baş nazir əlavə edib ki, Britaniya hazırda “mütərəqqi hərbi qüvvələrə malik dövlətlər tərəfindən təhdid edilir”.
O, konkret ölkələrin adını çəkməyib.
“Bu dövlətlərin qarşısını almağın ən təsirli yolu hazırlıqlı olmaq və güc yolu ilə sülhü təmin etməyə hazır olduğumuzu göstərməkdir”, – Starmer qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Birləşmiş Krallıq “öz silahlı qüvvələrini, eləcə də sənaye bazasını gücləndirir”.
“Bu, lazım gələrsə, döyüşməyə hazır olmağımızın bir hissəsidir”, – nazir deyib. O əlavə edib ki, “bu, Moskvaya mesajdır”.
Xuraman Etibarlı
İnterpress.az