Özbəkistan Azərbaycanla yeni birgə layihələrin həyata keçirilməsi, işgüzar əlaqələrin aktivləşdirilməsi və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müşaviri, xarici siyasət idarəsinin mətbuat katibi Ahror Burxanov Özbəkistan Prezident Şavkat Mirziyoyevin iyulun 2-4-də Azərbaycana dövlət səfərini şərh edərkən bildirib.
O qeyd edib ki, rəsmi Daşkənd Özbəkistan-Azərbaycan münasibətlərinin dinamikasını yüksək qiymətləndirir: “Bu gün onlar bütün istiqamətlərdə davamlı artım nümayiş etdirirlər”.
Eyni zamanda, o vurğulayıb ki, Özbəkistan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Türk Dövlətləri Təşkilatı (TDT) kimi təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı əlaqələrə böyük əhəmiyyət verir.
“Bu çoxtərəfli strukturlar razılaşdırılmış təşəbbüslərin irəli sürülməsi, inteqrasiya proseslərinin dərinləşdirilməsi və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformalar kimi xidmət edir”, – A.Burxanov qeyd edib.
O, həmçinin Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli platforması çərçivəsində əməkdaşlığı şərh edib.
“Özbəkistan qardaş ölkələr – Azərbaycan və Türkiyə ilə çoxşaxəli qarşılıqlı əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verir. Özbəkistan-Azərbaycan-Türkiyə üçtərəfli formatının inkişafı birgə infrastruktur və logistika layihələrinin həyata keçirilməsi, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, həmçinin enerji, nəqliyyat və sənaye əməkdaşlığı sahəsində səylərin əlaqələndirilməsi üçün yeni imkanlar açır. Biz bu platformanı regional inkişaf və davamlı artım üçün vacib alət hesab edirik”, – Özbəkistan XİN başçısının müşaviri vurğulayıb.