Paşinyan keçmişin yükünü DAŞIYIR: Ermənistan sülhə HAZIRDIR?backend

Paşinyan keçmişin yükünü DAŞIYIR: Ermənistan sülhə HAZIRDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan qalib tərəf kimi beynəlxalq hüququ öz hərbi gücü vasitəsilə təmin etsə də, bölgədə hansısa revanşist davranışlar nümayiş etdirmir”.

Bunu İnterpress.az-a açıqlamasında erməni mediasında yayılan və ABŞ-nin sülh müqaviləsi üçün Ermənistana təzyiq etməsi iddialarını şərh edən politoloq Tural İsmayılov deyib.

Analitik bildirib ki, üçüncü tərəfin məsələyə qoşulması yalnız Ermənistana təzyiq edərək mümkündür:

“Bu gün ABŞ, özəlliklə Marko Rubionun timsalında Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı Amerikanın mövqeyini açıq formada ifadə edir. Təbii ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına, əgər hansısa üçüncü tərəfin dəstəyindən söhbət gedirsə, burada real praktiki addımların atılması üçün Ermənistan tərəfinə daha çox təzyiqlər edilməlidir. Ona görə ki bu gün Azərbaycan qalib tərəf kimi beynəlxalq hüququ öz hərbi gücü vasitəsilə təmin etsə də, Azərbaycan bölgədə hansısa revanşist davranışlar nümayiş etdirmir”.

T. İsmayılov qeyd edib ki, Paşinyan hökuməti özündən öncəki hakimiyyətin yol verdiyi səhvləri təkrarlamasaydı, müharibəsiz də sülh mümkün idi:

“Hamıya aydındır ki, əslində, Ermənistandakı Paşinyan hakimiyyəti özündən əvvəlki revanşistlərdən daha fərqli mövqe tutsaydı bu gün biz Cənubi Qafqaz regionunda daha fərqli dövlətlərarası münasibətə şahidlik edərdik. Hər bir halda, iki dövlət arasında sülh müqaviləsinin əldə edilməsi üçün tarixi bir şans yetişib və Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevin Slovakiya mətbuatına verdiyi sonuncu müsahibədə də bununla bağlı tezis və konturlar öz əksini tapıb. Hazırda bu sülhə mane olan yeganə məsələ Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların yer almasıdır və biz doğurdan da normal, ikitərəfli münasibətlərdə uzun müddət davam edəcək sülh sazişindən danışırıqsa, bu müddəalar konstitusiyada öz əksini tapmalı və ərazi iddiaları oradan çıxarılmalıdır”.

Politoloq sonda ATƏT-in Minsk qrupunun ləğv edilməli olduğunu qəti şəkildə bildirib:

“Həmçinin 30 il ərzində heç bir faydası olmayan, işğaldan sonra öz legitimliyini itirmiş ATƏT-in Minsk qrupu da iki ölkə arasındakı diplomatik əlaqələrin inkişafına əngəl törədən faktorudur. Ümid edirik ki, Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı da daha konseptual və ardıcıl addımlar atmağı bacaracaq”.

İnterpress.az