Qəbələ Sammiti: Türk dünyasının gələcəyini müəyyən edən tarixi mərhələ – ŞƏRHbackend

Qəbələ Sammiti: Türk dünyasının gələcəyini müəyyən edən tarixi mərhələ – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammiti sadəcə diplomatik görüş yox, türk coğrafiyasının gələcək istiqamətini müəyyən edən tarixi mərhələ kimi qiymətləndirilir. Qədim Qəbələnin seçilməsi təsadüfi deyil – bu şəhər Azərbaycanın sivilizasiya və dövlətçilik tarixinin simvolu, həm də türklüyün mərkəzi yaddaşıdır.

Bu fikirləri, TDT-nin Qəbələ Sammitinin mahiyyəti və geosiyasi əhəmiyyətini İnterpress.az-a şərh edən siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert Xasay Gəraylı səsləndirib.

O, sammitin gündəliyində duran əsas məsələlər barədə danışaraq bildirib ki, türk dünyası artıq yalnız mədəni və dil birliyindən ibarət deyil, həmçinin vahid strateji platformaya çevrilib.

“Sammitin gündəliyində yer alan əsas məsələlər – ortaq təhlükəsizlik siyasəti, müdafiə sənayesində əməkdaşlıq, enerji və nəqliyyat inteqrasiyası, informasiya təhlükəsizliyi və humanitar əlaqələrin dərinləşdirilməsi – türk dünyasının artıq yalnız mədəni və dil birliyindən ibarət olmadığını, vahid strateji platformaya çevrildiyini göstərdi.

Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulmuşdu. O zaman məqsəd türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək idi. Lakin illər keçdikcə bu birlik geosiyasi və iqtisadi güc mərkəzinə çevrildi.

Tarixi baxımdan isə türk xalqlarının birliyi ideyası XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Ziya Göyalp və İsmayıl bəy Qaspıralı kimi mütəfəkkirlərin ideyalarında öz bünövrəsini tapmışdı. Onların “Dildə, fikirdə, işdə birlik” çağırışı bu gün Qəbələdə yeni reallıq kimi dirçəlir.

Qəbələdə keçirilən sammit, həm də bu tarixi düşüncənin praktik formaya keçdiyini sübut edir. Artıq ortaq mədəniyyət və tarixlə yanaşı, ortaq iqtisadiyyat, ortaq təhlükəsizlik və ortaq siyasi məsuliyyət anlayışları da möhkəmlənir.

Bu gün dünya çoxqütblü sistemə keçir. Qərb və Şərq arasında balans dəyişir, yeni güc mərkəzləri formalaşır. Bu şəraitdə Türk Dövlətləri Təşkilatı regional deyil, qlobal səviyyədə rol oynamağa başlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə vurğuladığı kimi, türk dövlətləri “bir-birinin arxasında dayanmaqla həm milli, həm də ortaq təhlükəsizlik arxitekturasını qurmaq gücünə malikdir”.

Bu, xüsusən enerji, müdafiə sənayesi və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlığın dərinləşməsini nəzərdə tutur.
Enerji sahəsində Azərbaycan və Qazaxıstan Avropaya yönəlik enerji dəhlizlərini genişləndirir, Özbəkistan və Qırğızıstan Orta Asiyanın resurs potensialını artırır, Türkiyə isə bu sistemin logistik və hərbi-strateji qapısı rolunu oynayır.

Bu proseslərin koordinasiyası türk dünyasının vahid iqtisadi və siyasi mexanizmə çevrilməsi deməkdir”, – ekspert vurğulayıb.

X.Gəraylı daha sonra qeyd edib ki, Qəbələ sammiti həm də “Türk Əsri” konsepsiyasının əsas dayaqlarını müəyyənləşdirib.

“Qəbələ sammiti həm də “Türk Əsri” konsepsiyasının əsas dayaqlarını müəyyənləşdirdi. Bu konsepsiya yalnız siyasi inteqrasiya deyil, həm də mədəni-sivilizasion intibah ideyasıdır.

Müzakirə olunan əsas istiqamətlər arasında – Ortaq müdafiə və təhlükəsizlik şurasının yaradılması, TDT-nin kibertəhlükəsizlik və süni intellekt proqramlarının icrası, Ortaq media və informasiya şəbəkələrinin formalaşması, Türk Universitetləri Alyansının genişləndirilməsi, Ortaq humanitar və iqtisadi layihələrin həyata keçirilməsi yer alır.

Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatı tədricən NATO və Avropa İttifaqı modelinə bənzər koordinasiyalı struktur istiqamətində formalaşır”, – o bildirib.

Sonda ekspert sammit üçün məkanın məhz Qəbələ rayonunun seçilməsinə də münasibət bildirib.

“Qəbələ Azərbaycanın qədim paytaxtı, Qafqaz Albaniyasının siyasi mərkəzi olmuş, minilliklər boyu mədəniyyət, ticarət və müdafiə mərkəzi kimi tanınıb. Məhz bu məkanın seçilməsi türk dövlətlərinin tarixə hörmət, gələcəyə baxış prinsipinin təcəssümüdür.

Qəbələdə keçirilən sammit göstərdi ki, türk dünyası keçmişin xatirəsi ilə deyil, gələcəyin vizionu ilə birləşir.

Bu sammitdən sonra Türk Dövlətləri Təşkilatı sadəcə diplomatik platforma kimi deyil, vahid siyasi və iqtisadi blok kimi fəaliyyətə başlamağa hazır görünür.

Qəbələ sammiti sübut etdi ki, türk dövlətləri arasında birliyin təməli artıq emosional yox, strateji maraqlara, iqtisadi gücə və qarşılıqlı məsuliyyətə söykənir.

Türk dünyası artıq tarixdə olduğu kimi yenidən dünyanın siyasi xəritəsində mərkəzi mövqe tutur. Və bu dönüş nöqtəsinin adı – Qəbələ Sammitidir”, – ekspert fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az