Toz qatı bəzi yerlərdə o qədər güclü olub ki, havanın buludsuz olmasına baxmayaraq Günəş belə görünməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova açıqlamasında deyib ki, artıq ikinci gündür ki, Azərbaycanın üzərinə cənub istiqamətindən toz kütlələri daxil olur: “Bunun səbəbi Ərəbistan yarımadasında artıq 4 gündür ki, davam edən toz burulğanlarıdır. Artıq mayın 27-də axşam saatlarında atmosferdəki toz kütlələri Azərbaycana da çatıb. Lakin həmin gün və dünən hava şəraiti elə idi ki, bu o qədər də hiss edilmirdi və atmosferdəki tozun miqdarı 1 kub metr üçün 27-30 mikroqram həddində idi. Lakin bu gün toz kütlələrinin həcmi daha da artıb və gözlə görünəbilən səviyyə çatıb. Hazırda Bakıda havada tozun miqdarı 1 kubmetr üçün 47 mikroqrama çatıb”.
Nazirlik rəsmisi əlavə edib ki, son günlər Türkmənistan səhralarında da qum burulğanları qeydə alınır və Xəzər dənizi üzərindən də ölkəmizə tozlu hava kütlələri daxil olur: “Lakin bununla belə əsas çirkli hava kütlələri Ərəbistan istiqamətində daxil olub.
Sabahdan etibarən toz kütlələrinin çökəcək və hava açılacaq”. M.Avazova onu da bildirib ki, havada tozun miqdarı ilə bağlı norma 1 kub metrdə 50 mikroqram səviyyəsindədir: “Əgər atmosferdə bu səviyyədən artıq tozluluq müşahidə edilərsə əhaliyə xəbərdarlıq edilə bilər”. Qeyd edək ki, hazırda ölkədə müşahidə edilən hava şəraiti əsasən tənəffüs yolları və ürək-damar xəstəlikləri olanlar üçün əlverişsizdir.