Kəpəz TV (Region TV) xəbər verir ki, güclü yağış Gəncənin Zülfi Hacıyev küçəsini sel sularına qərq edib, avtomobillərin və piyadaların hərəkətində çətinliklərə səbəb olub. Bəzi evlərə ziyan dəyib.
Cəmaləddin Məmmədov- sakin: “Axşamtərəfi külək başladı. Ardı ilə dolu, yağış yağdı. Yenə də zirzəmilərə su doldu. Fövqəladə Hallar Nazirliyinin işçiləri dedi ki, arxa evdə yaşamaq olmaz. Müvəqqəti qohumun evində yaşayın”.
Təbii fəlakət şəhərin Rüzgar Qasımov küçəsində isə ağacı evin üzərinə aşırıb. Çinar ağacının ziyan vurduğu evdə yaşayış olmadığından xəsarət alan olmayıb.
Lətafət Məmmədova- sakin: “Fuad Bakı şəhərində xəstəxanada yatırdı. Ona zəng elədik ki, təbii fəlakət olub, ağac evin üstünə düşüb, dağıdıb. O da gecə anası ilə gəlib. Bu ağac çox təhlükəli vəziyyətdədir. İstiyərdik ki, bu ağac kökündən kəsilsin”.
Fuad Hüseynov- sakin: “Elə bir imkanım yoxdur. Xəstə adamam. Xəstəxanaya getmişdim. Gələndə gördüm ki, evim pis vəziyyətdədir. Başa düşürəm, təbii fəlakətdir. Amma dam örtüyünü bərpa etmək lazımdır. Gəlsinlər bərpa eləsinlər, mənim başqa şikayətim yoxdur. Dam örtüyü pis vəziyyətdədir. Hər gün də yağış yağır”.
Mayın 29-u axşam saatlarında müşahidə edilən güclü külək şəhərin bəzi ərazilərinin elektrik enerjisi ilə təminatında da fasilələr yaradıb.
Dünən Gəncəyə yağan güclü yağış və dolu şəhərin Gülüstan yaşayış massivində yaşayan sakinlər üçün də ciddi problemlər yaradıb. Güclü küləyin əsməsi nəticəsində işıq naqilləri qırılıb və əhali təxminən 3 saat işıqsız qalıb.
Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.(musavat)
İnterpress.az