Serbiya prezidenti Vuçiçə qarşı “insan safarisi” ittihamları irəli sürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
1990-cı illərdə Bosniya müharibəsi zamanı varlı avropalıların Sarayevoda mülki vətəndaşlara atəş açmaq üçün “turpaketlər” aldığı barədə iddialar yenidən gündəmə gəlib.
Xorvat jurnalist Domaqoy Marqetiç Milan prokurorluğuna Serbiya prezidenti Aleksandr Vuçiçə qarşı cinayət şikayəti təqdim edib.
Jurnalist iddia edir ki, gənc yaşlarında “Bosniya müharibəsində könüllü” kimi göstərilən Vuçiç həmin “safarilərlə” əlaqəli ola bilər.
O dövrün şahidlərinin sözlərinə görə, İtaliyadan, Qərbi Avropadan və ABŞ-dən gələn “həvəskar snayperlər” hər belə səfər üçün 80–100 min avro ödəyib və Sarayevo yaxınlığında mülki insanlara atəş açıblar.
Bu mövzu 2022-ci ildə sloveniya rejissoru Miran Zupaniçin sənədli filmində də işıqlandırılıb. Həmin filmdə keçmiş hərbçilər “insan ovçularının” bosniyalı serblərin mövqelərinə aparıldığını təsdiqləyirlər.
Sarayevonun blokadası zamanı ümumilikdə 10 mindən çox mülki şəxs həlak olmuşdu.
Milan prokurorluğu artıq fakt üzrə araşdırmaya başlayıb. Vuçiç isə ittihamları qəti şəkildə rədd edir.
Prezident Administrasiyası bəyan edib ki, Marqetiçin iddiaları “Serbiyanın və dövlət başçısının nüfuzunu hədəfləyən ziyanlı dezinformasiyadır”.
Xuraman Etibarlı
İnterpress.az






