Yaroslavlda sinaqoqu yandırmağı planlaşdıran şəxs tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ölkənin Yaroslavl şəhərində yəhudi ibadətgahına – sinaqoqa qarşı planlaşdırılan terror aktının qarşısını alıb.
FSB-nin yaydığı rəsmi məlumata görə, beynəlxalq terror təşkilatının tərəfdarı olan bir şəxs sinaqoqu yandırmaq planı hazırlayarkən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
Müəyyən edilib ki, şübhəli şəxs Suriyadakı terror qruplaşmasının nümayəndəsi ilə gizli əlaqə qurub, “Molotov kokteyli” hazırlamaq üçün lazım olan müxtəlif kimyəvi maddələri və komponentləri satın alıb.
O, hücumu həyata keçirmək üçün əvvəlcədən sinaqoqun ətrafında kəşfiyyat aparıb və ibadətgahın fotoşəkillərini çəkib.
Terrorçu planlaşdırdığı yanğın hadisəsini törətdikdən dərhal sonra qeyri-qanuni yollarla Suriyaya qaçmağı və orada terror təşkilatının sıralarına qoşulmağı hədəfləyib.
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “terror aktına hazırlıq” və “terror təşkilatının fəaliyyətində iştirak etmə” maddələri ilə cinayət işi başlanıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda onun digər mümkün əlaltılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






