Ufada tikinti işçilərini daşıyan platforma altıncı mərtəbədən düşüb, iki nəfər ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində tikinti sahəsində ölümlə nəticələnən ağır bədbəxt hadisə baş verib. Tikilməkdə olan çoxmərtəbəli binada fəhlələrin olduğu asma tikinti platformasının 6-cı mərtəbə hündürlüyündən yerə aşması nəticəsində iki işçi faciəvi şəkildə həyatını itirib.
İlkin məlumatlara görə, qəzaya qaldırıcı qurğunun polad trosunun qəfildən qopması səbəb olub və nəticədə fəhlələr böyük hündürlükdən aşağıya çırpılıblar.
Fəhlələrdən biri aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib, digəri isə ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin yerli idarəsi tərəfindən “tikinti və digər işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə rəsmi cinayət işi başlanıb.
Hazırda hadisə yerində müstəntiqlər və texniki təhlükəsizlik ekspertləri işləyir, qaldırıcı qurğunun istismarına cavabdeh olan vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində təhqiqat aparılır.
Xuraman Etibarlı
İnterpress.az






