Çində azyaşlı məktəblilər başqasına məxsus “Ferrari”ni yararsız hala salıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “Sina” portalı məlumat yayıb.
Çinin Yunnan vilayətində məktəblilərin həyətdəki təhlükəli “əyləncəsi” lüks idman avtomobilinin sahibinə külli miqdarda maddi ziyan vurub.
Həyətdə oynayan azyaşlı uşaqlar kənarda park edilmiş bahalı “Ferrari” markalı avtomobili görərək onun üzərinə çıxıb, ayaqları ilə tapdalayıb, əllərindəki ağac budaqları ilə kuzovu cızaraq ön alın şüşəsini batırıblar.
Nəticədə lüks avtomobilə ciddi ziyan dəyib və onun sahibi olduqca baha başa gələn təmir xərcləri ilə üz-üzə qalıb.
Hadisədən dərhal sonra əraziyə cəlb olunan yerli polis əməkdaşları tərəflər arasında yaranan münaqişəni dinc yolla həll etməyə çalışıblar. Lakin uşaqların valideynləri dəymiş ziyanın tam həcmdə ödənilməsindən imtina ediblər.
Onlar yalnız bir neçə yüz yuan (simvolik məbləğ) kompensasiya ödəməyə razı olduqlarını bildiriblər.
“Ferrari” sahibi isə bu təkliflə razılaşmayaraq, dəymiş ziyanın məhkəmə yolu ilə tam şəkildə ödənilməsi və valideynlərin məsuliyyətə cəlb edilməsi üçün rəsmi iddia qaldıracağını bəyan edib.
Faktla bağlı polis tərəfindən araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






