“Hitlerin Ermənistanı azad edəcəyini” iddia edən polkovnik Artsrun Ovanisyan ali vəzifəyə təyin olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.
Ermənistanda İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyasının qələbəsinin ölkəsi üçün daha faydalı olacağını və Hitlerin “Böyük Ermənistan” dövləti qurmaq niyyətində olduğunu iddia edən polkovnik Artsrun Ovanisyan Milli Müdafiə Tədqiqatları Universitetinin rəhbəri təyin edilib.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın tövsiyəsi və təklifi əsasında müvafiq təyinat fərmanını imzalayıb. Bu təyinat ölkədə və beynəlxalq dairələrdə kəskin etirazlara və müzakirələrə yol açıb.
Keçmiş Müdafiə Nazirliyinin mətbuat katibi olan Ovanisyan bundan əvvəl səsləndirdiyi qeyri-adi və qondarma tarixi nəzəriyyələri ilə tanınıb.
O, xüsusilə faşist Almaniyasının və Hitlerin qələbə qazanacağı təqdirdə Ermənistana rəsmən müstəqillik bəxş edəcəyini iddia etmişdi.
Artsrun Ovanisyan 2025-ci ilin may ayında – İkinci Dünya Müharibəsində qələbə gününün ildönümündə Ermənistanın İctimai Televiziyasının efirində çıxış edərək daha bir qalmaqallı bəyanat vermişdi.
Ovanisyan faşist Almaniyasının qələbəsinin ermənilər üçün daha uğurlu ssenari olacağını iddia etməklə nasizmə və faşizmə bəraət qazandırmaqda ittiham olunmuşdu.
Ermənistan müxalifəti və ictimai fəalları Paşinyan hökumətinin bu cür radikal, revanşist və faşizm tərəfdarı olan bir hərbçini ölkənin ən mühüm hərbi təhsil və tədqiqat müəssisəsinə rəhbər təyin etməsini kəskin pisləyiblər.
Xuraman Etibarlı
İnterpress.az






