Almaniyada bürünc Puşkin abidəsi oğurlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal torpağında yerləşən Hemer şəhərində dahi rus şairi Aleksandr Puşkinin bürüncdən hazırlanmış abidəsi naməlum şəxslər tərəfindən sökülərək oğurlanıb.
Rusiya Federasiyasının Berlindəki səfirliyinin yaydığı rəsmi bəyanata görə, hündürlüyü təxminən 1,8 metr olan bürünc heykəl məşhur rusiyalı heykəltaraş Qriqori Pototski tərəfindən hazırlanıb.
Bu heykəl Moskva vilayətinin Şolkovo şəhəri tərəfindən qardaşlaşmış Hemer şəhərinə hədiyyə edilmişdi.
Puşkin abidəsi Rusiya və Almaniya xalqları arasında mədəni dialoqun, qarşılıqlı anlaşmanın və dostluq əlaqələrinin rəsmi simvolu kimi nəzərdə tutulmuşdu.
Hadisənin necə baş verdiyi və bürünc abidənin hara aparıldığı barədə hələlik dəqiq məlumat verilmir.

Xuraman Etibarlı
İnterpress.az






