Rusiya DİN “Mirotvorets” saytının yaradıcısı Georgi Tukanı axtarışa verib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın qalmaqallı “Mirotvorets” saytının yaradıcısı Georgi Tukanı rəsmi şəkildə axtarışa verib.
Siyasətçinin axtarışa verilməsi barədə məlumat nazirliyin müvafiq axtarışda olan şəxslər bazasında yerləşdirilib.
Onun Rusiya qanunvericiliyinin konkret hansı maddəsi ilə ittiham olunduğu barədə hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Georgi Tukanın rəhbərlik etdiyi “Mirotvorets” internet resursu fərqli siyasi baxışları olan şəxslərin, jurnalistlərin və ictimai xadimlərin fərdi məlumatlarının qeyri-qanuni şəkildə dərc olunması ilə tanınır.
Rusiya tərəfi bu platformanı ekstremist fəaliyyətdə ittiham edir. Hazırda faktla bağlı cinayət işi çərçivəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xuraman Etibarlı
İnterpress.az






