Rusiyada bar təşkilatçıları müsabiqədə iştirak edən şəxsi sirkə ilə zəhərləyiblər.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Primorsk diyarının Andreyevka kəndində yerləşən “Laptev Bar” əyləncə məkanında dəhşətli zəhərlənmə hadisəsi baş verib. Məkanda təşkil olunan “Qədəhdə nə olduğunu tap” müsabiqəsində iştirak edən şəxs sirkə turşusu ilə zəhərlənib.
Zərərçəkənin sözlərinə görə, o, qədəhdəki mayenin su və ya alkoqol olduğunu düşünərək onu birdəfəyə içib. Lakin dərhal onun sirkə olduğunu anlayıb və nəfəs alması çətinləşib.
Vəziyyəti kəskin pisləşən zərərçəkən üçün dostları dərhal təcili tibbi yardım çağırıb.
Hadisə nəticəsində həmin şəxs ağız boşluğunun, qırtlağın və mədənin ağır kimyəvi yanıq xəsarətlərini alıb. Bir gün reanimasiyada qalan gənc hazırda uzunmüddətli müalicə kursu keçir.
Bar administrasiyası isə baş verənlərlə bağlı hələ də rəsmi açıqlama verməyib və zərərçəkəndən üzr istəməyib.
Xuraman Etibarlı
İnterpress.аz






