Rusiyada saxta “veyp” mayeləri imperiyası quran iş adamı iflas edib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiyanın “Brusko Faktori” (Brusko Factory) şirkəti məşhur brendlər adı altında nikotin tərkibli “veyp” mayelərinin gizli istehsalını təşkil edərək 8 milyard rubl (təxminən 168 milyon manat) məbləğində böyük sərvət qazanıb.
Lakin Rusiya Federal Vergi Xidməti (FVX) tərəfindən həyata keçirilən genişmiqyaslı yoxlama nəticəsində irimiqyaslı vergidən yayınma sxemi ifşa olunub və nəhəng şirkət rəsmən müflis elan edilib.
Məlumata görə, vergi müfəttişləri mağazalarda satılan “veyp” mayelərinin faktiki həcminin rəsmi bəyannamələrdə göstərilən rəqəmləri dəfələrlə üstələdiyini müəyyən ediblər.
İstehsalat sahəsinə edilən qəfil reyd zamanı bütöv konveyer xətləri, milyonlarla flakon və tonlarla nikotin ehtiyatı aşkarlanıb.
Müəyyən edilib ki, şirkət rəhbərliyi vergilərdən yayınmaq üçün biznesini bir-biri ilə bağlı olan çoxsaylı xırda firmalara bölüb.
Həmçinin məhsulların buraxılış tarixini saxtalaşdıraraq aksiz rüsumu tətbiq edilməyən dövrləri (2016-cı ilin dekabrını) göstərib.
Aparılan vergi təftişinin nəticəsi olaraq Federal Vergi Xidməti şirkətə qarşı ümumilikdə 7,7 milyard rubl (təxminən 162 milyon manat) əlavə vergi borcu və cərimə hesablayıb.
Şirkətin baş direktoru Aleksandr Venyaminov barəsində rəsmi cinayət işi başlanılıb, müəssisə özü isə məhkəmə qərarı ilə müflis elan olunub.
Xuraman Etibarlı
İnterpress.аz






