Ermənistan Müdafiə Nazirliyində hərbçilərin ölümü barədə artıq məlumat yoxdur.
İnterpress.az xəbər verir ki, bunu avqustun 10-da Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan deyib.
Deputat bildirib ki, 44 günlük müharibə zamanı həlak olan erməni hərbçilərin adları “Zinapa” fondunun siyahısında yer almayıb.
Onun sözlərinə görə, 2022-ci il sentyabrın 13-14-də baş verən döyüşlərdə və 2023-cü il sentyabrın 19-20-də Qarabağda ölən hərbçilərin də adları tam şəkildə açıqlanmayıb.
Manukyan qeyd edib ki, 2023-cü ilin sentyabrında Qarabağda həlak olan Ermənistan hərbi birləşmələrinin hərbçiləri ilə bağlı ad siyahısı ona Müdafiə Nazirliyi tərəfindən təqdim edilib. Lakin sənədə “məxfi” qrifi qoyulduğundan o, həmin məlumatları ictimaiyyətə açıqlaya bilməyib.
Deputat həmçinin Ermənistan ordusunda hərbçilərin ölümü ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması qaydasının dəyişdiyini iddia edib.
Onun sözlərinə görə, əvvəllər Müdafiə Nazirliyi hərbçinin ölümü barədə rəsmi məlumat yaymadan erməni mediası belə xəbərləri dərc etmirdi.
Manukyan bildirib ki, hazırda isə müxtəlif mənbələrdə yayılan məlumatlar əsasında xəbərlər hazırlanır və ölən hərbçilərin adları bəzən bir neçə gün açıqlanmır.
Erməni deputatın iddiasına görə, daha ciddi problem Müdafiə Nazirliyinin son dövrlərdə hərbçinin faciəli ölümü, intiharı, qətlə yetirilməsi və ya bədbəxt hadisə nəticəsində həyatını itirməsi barədə ümumiyyətlə məlumat verməməsidir.
Xuraman Etibarlı
İnterpress.az






