Türkiyədə yüksək gərginlikli elektrik xəttinə dəyən quş otlaq ərazidə yanğına səbəb olub.
İnterpress.az xəbər verir ki, hadisə avqustun 8-də Türkiyənin Əskişəhər vilayətinin Sivrihisar rayonunun Aşağıköpən məhəlləsində baş verib.
Məlumata görə, quş yüksək gərginlikli elektrik xəttinə çırpılıb. Zərbədən sonra naqillərdə qısaqapanma yaranıb və elektrik xəttindən çıxan qığılcımlar quru otların üzərinə düşərək yanğına səbəb olub.
Küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisəni görən sakinlər dərhal yanğınsöndürmə xidmətinə məlumat veriblər.
Əraziyə gələn yanğınsöndürənlər alovun söndürülməsi və yanğının daha geniş sahəyə yayılmasının qarşısının alınması üçün tədbirlər görüblər.
Quru bitki örtüyü səbəbindən ərazidə yenidən yanğın baş verməsi riskinin yüksək olduğu bildirilir. Yanğınsöndürənlər vəziyyəti nəzarətdə saxlayırlar.
Xuraman Etibarlı
İnterpress.az






