Yaponiyadan Almaniyaya ekstradisiya edilən rusiyalı haker barədə YENİ TƏFƏRRÜATLARbackend

Yaponiyadan Almaniyaya ekstradisiya edilən rusiyalı haker barədə YENİ TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropadakı şirkətlərə 2,9 milyard dollar zərər vurmaqda şübhəli bilinən rusiyalı haker Yaponiyada saxlanılıb

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Avropadakı şirkətlərə qarşı kiberhücumlarla əlaqələndirilən 28 yaşlı Rusiya vətəndaşı Vladimir K. Yaponiyanın Osaka şəhərində saxlanılıb.

O, böyük məbləğdə fidyə tələb edən hücumları ilə tanınan Qilin haker qruplaşmasının qurucularından biri hesab olunur.

Məlumata görə, şübhəli sevgilisi ilə istirahət edərkən saxlanılıb və hazırda Almaniyanın Frankfurt-am-Mayn şəhərinə aparılır.

Almaniya istintaqının versiyasına əsasən, o, zərərli proqramlar hazırlayıb, digər hakerlərə sistemləri sındırmaq və pul tələb etmək üçün alətlər təqdim edib, əvəzində isə əldə olunan fidyələrdən pay alıb. Şəbəkədə “Zmey” ləqəbi ilə tanınıb.

Onun şübhəli bilindiyi epizodlardan biri Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində fəaliyyət göstərən logistika şirkətinə hücumdur.

Həmin şirkətdən bitkoinlə 165 min dollar tələb edildiyi bildirilir. Almaniyada iki il ərzində 12-dən çox təşkilatın hücumlardan zərər çəkdiyi, 2022-ci ildən bəri ümumi ziyanın isə 2,9 milyard dollar qiymətləndirildiyi qeyd olunur.

Qilin qruplaşması 2024-cü ilin iyununda Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə laborator analizlər təqdim edən Synnovis şirkətinə də hücum edib. Kiberhücum nəticəsində qan analizləri, qan köçürülməsi, əməliyyatlar və xəstəxanalar arasında məlumat mübadiləsində problemlər yaranıb.

Məlumata əsasən, Qilin ötən il 958 zərərçəkən barədə məlumat yayıb. 2025-ci ilin iyulundan 2026-cı ilin martınadək qruplaşmanın təxminən 193 milyon dollar əldə etmiş ola biləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az