Beş Kiyev sakininin meyiti gələcəkdə dirildiləcəkləri ümidi ilə Rusiyaya aparılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Kiyevdən olan beş nəfərin meyiti yaxınlarının qərarı ilə Rusiyaya aparılaraq kriokonservasiya edilib.
Onların gələcəkdə elmi texnologiyalar vasitəsilə yenidən həyata qaytarılacağına ümid edilir.
Məlumata görə, həmin şəxslər xərçəng xəstəliyi, yol-nəqliyyat hadisələri və insult nəticəsində vəfat ediblər.
Onlar sağlıqlarında Rusiya şirkətlərindən biri ilə ölümündən sonra bədənlərinin dondurulması barədə müqavilə imzalayıblar.
Nəşrin məlumatına əsasən, Rusiyada kriokonservasiya xidmətinin qiyməti təxminən 3,8 milyon rubl (təxminən 76 min manat), xarici ölkələrdə isə 365-465 min manat təşkil edir.
Hazırda dondurulmuş insanı yenidən həyata qaytarmağa imkan verən texnologiya mövcud deyil. Bununla belə, yaxınları gələcəkdə elmin bu imkanı yaradacağına ümid edirlər.
Məlumata görə, 2026-cı ildə kriokonservasiya ilə bağlı müraciətlərin sayı əvvəlki illə müqayisədə üç dəfə artıb. Aylıq müraciətlərin sayı 5–8-dən 15–20-yə yüksəlib.
Rusiyada bu xidmətə İran, Hindistan, Niderland, Çin və ABŞ-dan da müraciət edənlər var.
Xuraman Etibarlı
İnterpress.az






