Rusiyada dələduzların təzyiq göstərdiyi 92 yaşlı qadın xilas edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Primorye diyarında dələduzların təhdid və psixoloji təzyiqlərinə məruz qalan 92 yaşlı qadın binanın yeddinci mərtəbəsində pəncərənin karnizinə çıxıb. Hadisəni görən sakinlər dərhal xilasedicilərə və təcili tibbi yardıma xəbər veriblər.
Məlumata görə, dələduzlar bir neçə gün ərzində yaşlı qadına zəng edərək onu hədələyib, pul tələb ediblər. Lakin qadının onlara verəcək pulu olmayıb.
Qadının yaxınları onun bir neçə saatdır telefon zənglərinə cavab vermədiyini gördükləri üçün evə gəliblər. Onlar hadisə yerində xilasedicilərlə həkimləri qarşılayıblar.
Xilas edilən qadının ayağından yüngül xəsarət aldığı bildirilir. Həkimlər qanaxmanı dayandıraraq yaranı müalicə ediblər. Daha sonra yaşlı qadın xəstəxanaya aparılıb.

Xuraman Etibarlı
İnterpress.az






