Avropa İttifaqı Ukraynanı qorunan peyk rabitəsi sisteminə qoşmağı planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının texnoloji suverenlik, müdafiə, kosmos və dezinformasiyaya qarşı mübarizə məsələləri üzrə rəsmi nümayəndəsi Tomas Renye məlumat verib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynanın mülki ehtiyaclar üçün nəzərdə tutulan GOVSATCOM adlı qorunan peyk rabitəsi sisteminə çıxış əldə etməsi ilə bağlı danışıqlar aparır.
Renye oktyabrın 14-də keçirilən brifinqdə bildirib ki, 2029-cu ilədək 300-dən çox rabitə peykindən ibarət IRIS² qruplaşmasının tam istifadəyə verilməsi planlaşdırılır.
Bu peyklər dövlət qurumları və hərbi istifadəçilər üçün GOVSATCOM sisteminin fəaliyyətini təmin etməlidir.
Bununla belə, sistemin xidmətləri artıq mövcuddur. Avropa İttifaqı 2027-ci ilin yanvarında və ya ilin əvvəlində kommersiya peyk imkanlarından istifadə etməklə xidmətləri müvəqqəti keçid mexanizmi çərçivəsində genişləndirməyi nəzərdə tutur.
GOVSATCOM sisteminin Ukraynada “SpaceX” şirkətinin milli təhlükəsizlik məqsədləri üçün nəzərdə tutulan hərbi peyk rabitəsi xidməti “Starshield”i tam və ya qismən əvəz edib-etməyəcəyi barədə isə brifinqdə məlumat verilməyib.
Jurnalistlərin bu məsələ ilə bağlı sualları Avropa Komissiyasının nümayəndələri tərəfindən cavablandırılmayıb.
Xuraman Etibarlı
İnterpress.az






