Kiyev yaxınlığında girov saxlanıldığı bildirilən hərbçilərlə bağlı qarşıdurma zamanı atəş açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Ukraynanın Kiyev vilayətində, Petropavlovskaya Borşaqovka kəndində bir qrup şəxsin binanın zirzəmisində saxlanıldığı bildirilən hərbçilərə görə etiraz aksiyası keçirdiyi ərazidə atəş səsləri eşidilib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna mediası həmin binanın zirzəmisində təxminən 40 nəfərin girov saxlanıldığını yazmışdı.
Hadisə yerinə gələn tibb işçilərindən biri zirzəmidəki şəxslərin ağır vəziyyətdə olduğunu və onların bədənində işgəncə izlərinin göründüyünü əks etdirən videonun ona göndərildiyini bildirib.
Məlumata görə, həkimlərin binaya daxil olmasına icazə verilməyib.
Ərazi yaxınlığında qarşıdurma yaranıb, hüquq-mühafizə orqanlarının əməkdaşları isə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması barədə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






