Binance-dən 6,3 milyard dollarlıq oğurluqla bağlı araşdırmanın nəticələri açıqlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kriptovalyuta birjası Binance şirkətin elektron pul kisələrindən təxminən 6,34 milyard dollar dəyərində rəqəmsal aktivin oğurlanması ilə bağlı ilkin araşdırmanın nəticələrini açıqlayıb.
Şirkətin hesabatına görə, hücum bir neçə ay ərzində mərhələli şəkildə hazırlanıb. İyun ayında əməkdaşlardan biri süni intellekt əsaslı proqramlaşdırma alətini yükləyərkən zərərli proqram təminatı ilə yoluxmuş faylı kompüterinə quraşdırıb.
Bu yolla hakerlər əməkdaşın və onun komandasının fəaliyyəti barədə məlumat əldə ediblər.
Sentyabr ayında isə başqa bir mühəndis saxta iş müsahibəsinə cəlb olunub. Özünü şirkət rəhbəri kimi təqdim edən şəxslər ona kompüterinə zərərli kod olan proqramlaşdırma tapşırığı yükləməyi təklif ediblər.
Nəticədə hakerlər əməkdaşın kompüterinə giriş əldə ediblər.
Binance-in məlumatına görə, oktyabrın 20-də hücum edənlər yoluxmuş kompüter və şirkətin daxili süni intellekt alətindən istifadə edərək digər mühəndislərin sistemlərinə də daxil olublar.
Oktyabrın 29-da isə əldə etdikləri giriş imkanları vasitəsilə kriptovalyuta pul kisələrinə nəzarəti ələ keçirərək vəsaitləri köçürüblər.
Şirkət oğurlanmış vəsaitlərin maliyyə yükünü istifadəçilərin deyil, Binance-in üzərinə götürəcəyini bildirib.
İlkin hesabatda hücumun Şimali Koreya ilə əlaqəli olduğu barədə ABŞ Federal Təhqiqat Bürosunun (FBI) qiymətləndirməsi də qeyd edilib. Araşdırma davam edir.
Xuraman Etibarlı
İnterpress.az






