“Artıq İzmirin Balçova rayonunda – dəniz kənarı boyunca 2 kilometrlik bir ərazidə Bakı parkı salınacaq. Hətta parkın plan-layihəsi də hazırdır və bu istiqamətdə işlərə başlanılıb.
Bu barədə Dünya Azərbaycanlıları Konqresindən bildirlib.
Qeyd edilib ki, adıçəkilən park ölkəmizlə, paytaxtımızla bağlı mühüm məqamları, mədəniyyətimizi, tariximizin şanlı və faciəvi səhifələrini, görkəmli şəxsiyyətlərimizi detallı təqdim edəcək.
Daha bir xoş xəbər də var. Belə ki, İzmirin göydələnlər məkanı olan Bayraqlı bələdiyyəsi ərazisində – dəniz kənarında böyük bir Azərbaycan parkı salmaq da plandadır. Yeri gəlmişkən, bələdiyyə sədri Hasan Karabağ Azərbaycan kökənlidir, vaxtı ilə babaları Qarabağdan Türkiyəyə köç ediblər. Məhz Hasan bəylə görüşlərin nəticəsi olaraq həmin bölgədə Azərbaycan parkının açılmasına söz verilib. Azərbaycan dostluq parkı adlanacaq bu ərazidə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidənin də qoyulması nəzərdə tutulub. Ərazidə parkın təyinatına uyğun olaraq xüsusi muzey tipli tikilinin də inşası gözlənilir. Artıq yer ayrılıb və hazırda sənədləşmə prosesi aparılır. DAK sədri dr. Asif Kurban bu sahədə təşəbbüslərin daha da artırılmasını, yeni layihə və tədbirlərin görüləcəyini söyləyib. O, bu istiqamətdə Azərbaycandan da hər zaman mənəvi dəstəyə ehtiyacı olduğunu da gizlətməyib.
İnterpress.az