“Bakı Metropoliteni” QSC-nin əməkdaşları Fransada ezamiyyətdə olublar.backend

“Bakı Metropoliteni” QSC-nin əməkdaşları Fransada ezamiyyətdə olublar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, hələ 2014-cü ildə Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı Azərbaycan-Fransa biznes forumunun gedişində imzalanmış müqaviləyə əsasən, “Thales” şirkəti yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edərək, burada CBTC və SCADA şəbəkəsini qurmalı və həmin sistemlərin tələblərinə uyğun yeniliklərə cavab verən yerli kadrların hazırlanmasında da iştirak etməlidir.

Əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyəti var. Metropolitenin nümayəndə heyəti ilk olaraq Fransada “Thales” şirkətində, daha sonra şirkətin Almaniyanın Arnştadt şəhərində yerləşən zavodunda görüşlər keçiriblər.

Görüşlər əsnasında hərəkətin təşkilində əsas rol oynayan dispetçer mərkəzi barədə fikir mübadiləsi, yeni bənövşəyi xəttin “Xocəsən” elektrik deposu, şərti adı “B-3” və “B-4” olan stansiyalarda quraşdırılacaq sistemlərin layihəsi, yeni xətdə qatarların tam dövrəsi və avtomatik idarə olunması, istismarda olan xətlərdə yeni radiorabitə sisteminin quraşdırılması, hazırda yeganə depomuz “Nəriman Nərimanov” elektrik deposunda işarəvermə və rabitə sistemlərinin yenilənməsi, yeni nəsil işıqforların, yolayrıcı qurğuların quraşdırılması, bununla da deponun müasir tələblər səviyyəsinə çatdırılması və digər bu kimi maraqlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Mövcud xətlərlə bağlı layihələr də var. Belə ki, mövcud stansiya tunellərində istismarda olan işarəvermə və rabitə avadanlıqlarının müasirləri ilə əvəzlənməsi, yəni, yeni sistemlərin tətbiqi ilə mövcud sistemlərin bununla uzlaşdırılması gündəliyin mövzusu olub.

Qeyd edək ki, belə bir təcrübə, hələ ki, postsovet məkanında istismarda olan metropoliten xətlərində tətbiq olunmayıb. Əgər layihə gerçəkləşərsə, Bakı metropoliteni mövcud xətlərini ən müasir texniki standartlar səviyyəsinə çatdıran ilk postsovet ölkəsi olacaq.

İnterpress.az