MTN-nin həbs etdiyi ilahiyyatçının məhkəməsi başladıbackend

MTN-nin həbs etdiyi ilahiyyatçının məhkəməsi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacı Elşən Mustafaoğlunun məhkəmə prosesi başlayıb. \”Azadlıq\” radiosunun məlumatına görə, iyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçının işi ilə bağlı hazırlıq iclası keçirilib.

Qeyd edək ki, Azərbaycanda tanınmış din adamlarından biri olan E.Mustafaoğlu uzun müddət İctimai Televiziyada, ANS telekanalında dini verilişlər aparıb, mediada və ictimai sektorda aktiv olub. Həbsindən əvvəl isə 6 aya yaxın Qafqaz Müsəlmanları İdarəsində çalışıb. 2014-cü ilin dekabrında keçmiş MTN əməkdaşları tərəfindən həbs olunub. Uzun müddət barəsində mediaya heç bir məlumat verilməyib, yalnız sonradan casusluqda ittiham olunduğu haqda bilgilər yayılıb.

Məhkəmə prosesindən verilən xəbərdə qeyd olunur ki, ilahiyyatçının vəkili Əfqan Məmmədov hazırlıq iclasında Elşən Mustafaoğlu barəsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, ibtidai istintaq kobud qanun pozuntuları ilə aparılıb:
“Elşən Mustafayevin əməlində heç bir cinayət yoxdur. İş konkret faktlara yox, müstəntiqin fərziyyələrinə əsaslanır. İttiham aktı detektiv əsəri xatırladır. Bu işdə MTN qarşısına məqsəd qoyub ki, Elşən Mustafayevi nəyin bahasına olursa olsun, həbs etsin, onu mənəvi cəhətdən məhv eləsin”.

Vəkilin sözlərinə görə, ilahiyyatçı Azərbaycan dövlətinə qarşı düşmənçilik fəaliyyəti aparmaqda, İran təşkilatına işləməkdə ittiham olunur, amma bu fəaliyyətin konkret nədən ibarət olduğuna dair bir dənə fakt yoxdur: “İttiham aktında yazılıb ki, Elşən Mustafayev 1992-ci ildən İranın SEPAH təşkilatı ilə əməkdaşlıq edir və ona \”Mustafa\” təxəllüsü verilib. 1992-ci ildə onun 17 yaşı olub. Yəni MTN həmin təşkilatı o qədər savadsız hesab edir? MTN-nin bu cür qeyri-ciddi hərəkətləri təəccüb doğurur. Ehtimal əsasında adamı ittiham edib tuturlar? Mən bu ittiham aktını detektiv janrı kimi oxumuşam”.

Daha sonra çıxış edən ilahiyyatçı istintaq zamanı işgəncəyə məruz qaldığını, saxta ifadə verməyə məcbur edildiyini bildirib. Barəsində olan ittihamları qəti şəkildə rədd edən ilahiyyatçı ittiham aktının hər bir cümləsinin şər-böhtandan ibarət olduğunu deyib:
“Mən dövlət əleyhinə heç bir fəaliyyətdə iştirak etməmişəm. Bu ittiham nəinki mənim etmədiyim, hətta şərəf və ləyaqətimi alçaldan iddialarla doludur. Məni Əks-Kəşfiyyatın bir-birini inkar edən və bir-birinə zidd olan iddiaları əsasında tutublar. Mən qərəzli şəkildə tutulmuşam. Mən 2014-cü ildə MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən MTN-nin keçmiş rəhbərliyinin Milli Qəhrəman Rövşən Əkbərov və Əlayif Mustafayev əleyhinə zorla yazdırmaq istədiyi sifarişli yazını yazmamışam, onlara böhtan atmamışam. İki gün – ayın 16-dan 17-dək qapalı şəraitdə saxlanılmışam. Prokurorluğa da müraciət etmişəm ki, niyə mənim harada olmağımla maraqlanmayıblar? Bu iki gündə MTN-də başıma zülm açıblar. Onların elədiklərini burada deməyi özümə sığışdırmıram. Məni məcbur ediblər ki, dövlətimizin Milli Qəhrəmanına və ləyaqətli Şeyx həzrətlərinə qarşı ləyaqətsiz şeylər yazım”.

Elşən Mustafaoğlu qeyd edib ki, doqquz ay ərzində onun ən adi hüquqları əlindən alınıb, ailə üzvlərilə əlaqə saxlamasına icazə verilməyib:
“Həyat yoldaşım və iki uşağım psixi xəstəlik keçirib, müalicə olunub. Prokurorluğa, Rüstəm Usubova yazdığım məktub müstəntiqin otağından çıxır. Məktublarım nə ombudsman Elmira Süleymanovaya, nə prokurorluğa verilib”.

Elşən Mustafaoğlu bildirib ki, İrana casusluq etdiyi haqda yazılanlar absurddur:

“Məni tanıyanlar bilir ki, İrana qarşı təfəkkür sahibiyəm. MTN-də müstəntiqlər gülə-gülə danışırdılar bunu. Yazılıb ki, mən 1992-ci ildə tamah məqsədilə qazanc əldə etmək istəmişəm. Tamah məqsədiylə nəsə etmək istəsəydim, var-dövlətim olardı. Amma heç nəyim – maşınım, evim yoxdu. Qayınatamın evində qalıram. Amerika-Azərbaycan Jurnalistika Akademiyasının direktoru olmuşam. İctimai Televiziyada veriliş müəllifi və aparıcısı olmuşam. ANS- də veriliş müəllifi və aparıcısı olmuşam. Norveçdə Universitetdə elmi layihələrin müəllifi olmuşam. Maşınım da yoxdur. Həya edirəm bunları deməyə. Xeyriyyəçi adamam. Qazandığımı başqalarına vermişəm. Dostum kömək edib təşkilatımıza, günlərin bir günü mənə deyib ki, “bilirsən, biz islam təşkilatının adamıyıq. Bizə İranın SEPAH təşkilatından gəliblər, onlar səninlə görüşmək istəyirlər”. Mən də bu barədə MTN-ə gedib özüm məlumat vermişəm. Noyabrın 15-də MTN-nin Əks-Kəşfiyyat İdarəsində Şöbə rəisi Şahmar Rzayev mənimlə görüşüb. Mənə deyiblər ki, “rəsmi şəkildə ərizə yaz”, mən də yazmışam. Ondan sonra mən Şeyx həzrətləri ilə İrana səfər etmişəm. Əgər İranın casusu olsaydım, İrandan gəlməzdim. Dekabrın 16-da mənə deyiblər, “MTN rəhbərliyi səninlə görüşmək istəyir”. Əks-Kəşfiyyat İdarəsinin birinci idarəsinin rəisi, polkovnik Aydın Manafov mənə deyib ki, “sən ləyaqətsiz işlər gör, yəni dediyimizi yaz və get evinə, əks halda, tutulacaqsan”. Mən bundan imtina etmişəm. Bir il ərzində hər şey etdilər, amma heç nə ortaya qoya bilmədilər”.

Qeyd edək ki, məhkəmə vəsatəti təmin etməyib və iyulun 19-na məhkəmə baxışı təyin olunub.

İnterpress.az