Cahangir Hacıyev: “17 ilə görə bir həftə vaxt istəmək çoxdur?”backend

Cahangir Hacıyev: “17 ilə görə bir həftə vaxt istəmək çoxdur?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən İbrahim Hüseynovun vəkili müdafiə çıxışı edib, təqsirləndirilən şəxslərin bir qismi isə son söz deyib.

Təqsirləndirilən “İnter Securiy” şirkətinin rəhbəri olmuş İbrahim Hüseynovun vəkili Azər Tağıyev müdafiə çıxışında müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. O, məhkəmə istintaqının kobub prosessual pozuntlarla keçirildiyini söyləyib.

Təqsirləndirilənlərdən biri MTN əməkdaşı imiş

Vəkil qeyd edib ki, müdafiə tərəflərinin çoxsaylı müraciətlərinə, vəsatətlərinə baxmayaraq məhkəmə prosesləri sürətli aparılıb: “Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmə prosesi çoxsaylı qanunsuzluqlara müşahidə olunub. Müvəkkilimə verilən ittihamlar əsassızdır. O, vəzifəli şəxs olmayıb və Beynəlxalq Bankla heç bir bağlılığı yoxdur. İttihamın irəli sürdüyü mütəşəkkil dəstə ittihamı da bu şəxslərə uyğun gəlmir”.

Vəkil bildirib ki, ittiham aktında qeyd edilən kreditlərin bir hissəsi qaytarılıb və bu da sübut edir ki, təqsirləndirilən şəxslərin mənimsəmə niyyəti olmayıb.

A.Tağıyev onu da əlavə edib ki, Beynəlxalq Bank ittiham aktında ümumi ziyanı 211 milyon göstərib. Lakin məhkəmədə səsləndirilən rəqəmlər arasında ziddiyyətlər var: “Ötən proseslərin birində həmin məbləğin müştərək şəkildə tutulması ilə bağlı fikirlər söyləndi. Beynəxalq Bankın bütün təqsirləndirilən şəxslərdən ayrı-ayrılıqda tələb etdiyi məbləğin miqdarı 249 milyon edir”.

Vəkil müvəkkilinin əvvəllər MTN əməkdaşı olduğunu, azyaşlı övladlarının olmasını, dövlətə xidmətlərinin nəzərə aqlınaraq barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmənin davamında prokuror Fərid Nağıyev təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışına münasibət bildirib.

Prokurorla vəkilin deyişməsi…

Prokuror vəkillərin mənimsə ittihamı ilə bağlı sübutların olmadığını deməsinə müansibət bildirib: “Cinayət işinin materiallarında Cahangir Hacıyevin ailə üzvlərinin xarici ölkələrdə otellərə, bahalı mağazalara, sağlamlıq mərkəzlərində kartlar vasitəsi ilə ödənişlər etməsi ilə bağlı konkret faktlar var. Zamirə Hacıyeva heç bir biznes planı təqdim etmədiyi halda ona külli miqdarda kreditlər ayrılıb. Ancaq başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil. Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev ötən prosesdə çıxış edərkən dedi ki, bankdan layihələrə ayrılan kreditlərin ödənilməsi və gəlir gətirməsi üçün müəyyən vaxt lazım imiş. Və belə bir müqayisə apardı ki, bu, bir ay əvvəl evlənmiş cütlükdən uşaq gözləməyə bənzəyir. Vəkillər qeyd edir ki, pul ayrılan layihələr gəlir gətirəcəkdi və müəyyən zaman lazım idi. 2008-ci ildə kreditlər ayrılan layihələrin nə zaman xeyir gətirməsi gözlənilirdi? Nə qədər müddət lazım idi? Halbuki, bu 7 il ərzində qəhrəman ata olmaq mümkün idi”.

“Prokuror savadlıdır…”

Vəkil Fəxrəddin Mehdiyev prokurorun çıxışına cavab verib: “Vəkillərin hamısı çıxışında ittiham aktını darmadağın etdi. İttiham aktının nə qədər absurd olduğu ortaya çıxdı. Mən düşünürdüm ki, prokuror çıxış etməyəcək. Amma cənab prokuror o qədər savadlıdır ki, onu bu işə təyin ediblər. Prokurorun da pontensialı olduğu üçün çalışır ki, ittiham aktını sübut etsin”.

F.Mehdiyev Cahangir Hacıyevin ailə üzvlərinin adına ayrılmış pullar haqda deyilənlərə də cavab verib. Vəkil bildirib ki, həmin pulların bankdan ayrılan kreditlər əsasında onlara verilməsini sübut edən heç bir fakt yoxdur: “Yəni bu, pulların kreditlər əsasına əldə edildiyi sübut edilmir”.

Xarici ölkələrdə xərclənən pullar Cahangir Hacıyevin özünün imiş

Digər vəkili Aqil Layıcov C.Hacıyevin ailə üzvlərinin xaricdə xərclədiyi pulların sabiq bankirin şəxsi pulu olduğunu deyib: “Qeyd edilən məbləğ 1 milyonu keçmir. Cahangir Hacıyevin yüksək maaşı olub. Həmin xərcləri şəxsi hesabına da ödəyə bilərdi”.

Prosesin davamında təqsirləndirilən şəxslərə son söz verilib.

Kənan Orucov, Anar Sultanov, Məmməd Cahangirov, Yusif Ələkbərov, İlqar Abdullayev çıxış edərək özlərini təqsirli bilmədiklərini, ittihamlarla razı olmadıqlarını söyləyiblər. Onlar kredir komitəsinin qərarlarını və rəhbərliyin göstərişlərini icra etdiklərini deyərək ayrılan kreditlərin hara xərclənməsindən xəbərsiz olduqlarını söyləyiblər. Təqsirləndirilən Azad Cavadov vəkilinin çıxışını müdafiə etdiyini deyib.

Cahangir Hacıyev və İbrahim Hüseynov isə son söz üçün məhkəmədən bir həftə vaxt istəyiblər. Hakim Əfqan Hacıyev təqsirləndirilənlərə “bir həftə çox deyilmi” sualını verib. Bu suala Cahangir Hacıyev belə cavab verib: “Bizə 17 il iş istəyiblər. Bunun qarşılığında 1 həftə çoxdur?”

Məhkəmə prrosesi oktyabrın 10-da davam etdiriləcək.

Xatırladaq ki, sonuncu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə iş istəmişdi. Prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevə 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinə 8 il, İbrahim Hüseynovla Yusif Ələkbərova 11 il və Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum etmə cəzası istəmişdi.

Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

İnterpress.az