\”Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirir ki, ölkədəki bütün təlatümləri həll etməyin yeganə yolu bütün icra hakimiyyətinin ona verilməsidir\” – deyilir məqalədə.
Son terror aktından bir-neçə saat əvvəl baş nazir Binali Yıldırım məhz Erdoğanın istədiyi məqsədlə Konstitusiyaya edilməli olan dəyişikliklərin layihəsini təqdim edib.
Qısa deyilsə, bu dəyişikliklər baş nazir postunun əhəmiyyətini heçə endirməli, cənab Erdoğana nazirləri təyin etmək, fövqəladə vəziyyətləri elan etmək və fərmanlar vermək səlahiyyətlərini tanımalıdır.
Bu təkliflər gələn yazda referenduma çıxarılmazdan əvvəl parlamentdən keçməlidir.
Hakim Ədalət və İnkişaf Partiyası və ya AKP-dən olan hökumət rəsmiləri israr edirlər ki, bu dəyişikliklər guya baş nazirlə prezident arasında olan çəkişmələri aradan qaldıracaq.
\”The Economist\” yazır ki, burada söhbət heç bir çəkişmədən gedə bilməz, çünki elə indinin özündə cənab Erdoğanın sözü üstünə söz deyən yoxdur.
Məqalədə deyilir ki, bu dəyişikliklərin yeganə və əsas məqsədi bir nəfərin hakimiyyətini rəsmiləşdirməkdir.
Əgər təkliflər keçsə, yeni konstitusiya 2019-cu ildən qüvvədə olacaq və Erdoğana daha iki prezidentlik müddəti verməklə onu 2029-cu ilədək hakimiyyətdə saxlayacaq.
\”The Economist\” yazır ki, əslində icraçı prezidentlik məqsədi artıq Erdoğanın ovcunun içində sayılmalıdır. O çevriliş cəhdinin ardınca islamçı və millətçi tərəfdarlarını öz ətrafında sıx birləşdirib.
Prezident 100-dən artıq jurnalist də daxil 40 min insanı həbsxanalara salmasını guya daha bir çevriliş təhlükəsi ilə əsaslandırır.
Repressiyalar xaricdə kəskin tənqid edilsə də, ölkə daxilində millətçilər bütün bunların xarici qüvvələrin təhlükəsinə qarşı mühüm addımlar olduğunu düşünürlər.
Bəziləri yalnız Fethullah Güleni, bir başqaları isə başda Almaniya, ABŞ və Britaniya olmaqla xarici qüvvələrin qəsdini günahlandırırlar.
Lakin cənab Erdoğan artıq üzünə əsən güclü küləklərlə qarşılaşır. Üçüncü rübdə iqtisadiyyat 1, 8 faiz geriləyib. Bu, iqtisadiyyat üçün 2009-cu ildən bəri ən pis göstəricidir.
Milli valyuta – lirə getdikcə ucuzlaşır və hökumət öz tərəfdarlarını dollar və avrolarını satmaqla milli pulu xilas etməyə çağırır.
Amma burası da var ki, prezidentlik üsul-idarəsini adamların 50 faizindən azı dəstəkləyir.
\”Cənab Erdoğan özünü ölkə boyunca yayılmaqda olan xaosun çarəsi kimi təqdim edir. Amma o, bu xaosun həm də səbəbidir, -yazır \”The Economist\”, – Millətçilərlə yaxınlaşan Erdoğan PKK ilə danışıqları istisna edib. 2015-ci ildə baş vermis PKK hücumlarına qarşı kürd siuyasətçilərin həbsi ilə cavab verməklə Erdoğan ölkənin cənub-şərqində münaqişəni alovlandırıb və 500 min insanı evlərindən didərgin salıb…\”
Məqalədə deyilir ki, PKK-ya ağır zərbə vurulsa da, bütün bunlar çarəsiz kürd gəncləri təşkilatın qucağına atıb.
Bu ilin əvvəllərində PKK Erdoğanı devirməklə hədələmişdi. İndi bu hədə boş səs-küy kimi görünür.
Təcrübə göstərir ki, çox vaxt Erdoğanın ən qatı düşmənləri, həm də onun ən səmərəli köməkçilərinə çevrilirlər.
\”Türklərə və kürdlərə isə ölənlərini ağlamaq qalır\” – yazır məcmuə. (bbc)
İnterpress.az