Qərənfili yalnız matəm gülü hesab edirsiz? – SORĞUbackend

Qərənfili yalnız matəm gülü hesab edirsiz? – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az əvvəlcə mövzu ilə bağlı əməkdar jurnalist Ləman Ələşrəfqızının belə təşəbbüslə çıxış edərək sosial şəbəkdə paylaşımını təqdim edir: “Evimdə qərənfillər… Dostlar, deyirəm bu gülü bəlkə qəbristanlıqdan xilas edək evimizə gətirək? Necə düşünürsüz? Gör nə gözəl güldür”,- deyərək əlavə edib.

Qərənfili yalnız matəm gülü hesab edirsiz? - SORĞU

İnterpress.az sosial şəbəkədə mövzu ilə bağlı keçirtdiyi sorğunu da təqdim edir:

Jurnalist, İnterpress.az saytının baş redaktoru Ramal Hüseynov: \”\”20 Yanvar\” hadisələrindən sonra qərənfil insanların gözündən düşdü: “Əslində biz uşaq olanda ancaq qərənfil dəbdə idi. Müəllimələrə, qonaqlıqlara aparılardı. \”20 Yanvar\” hadisələrində çox gül lazım idi. Həm də qərənfil gülünü özümüz əkirik. Moskvaya da idxal edirik. Bizdə bu gülü daha çox Bakı kəndlərində – Maştağalılar əkir. Çətin dövrdə ancaq özümüz-özümüzü o qədər güllə təmin edə bilərdik. “20 Yanvar” hadisələrindən sonra insanların beynində qərənfil gözdən düşdü. Matəm gülü kimi qəbul edildi. İndi kimə versən acığı gələr”.

İnsanların düşüncəsindən matəm gülü anlayışını necə yox edə bilərik? sualına cavab olaraq millət vəkili Fazil Mustafa bildirir ki, bunu insanlarımıza təlqin etmək çətin məsələdir. Lakin, F. Mustafa təşəbbüsü müsbət hesab edir: “Amma belə xüsusi bir təklifim yoxdur”.

Teleqraf.com-un əməkdaşı İlhamə Əbülfət: \”Anam qərənfil gülünü çox sevir. Biz bu gülü alırıq. Nənəm də o gülü çox sevir. Həmişə deyirdi ki, əvvəllər qərənfili hamı sevirdi. “20 Yanvar” hadisələrindən sonra o gülün taleyi dəyişdi matəm gülü oldu”,

Media üzrə ekspert Azər Həsrət: \” Niyə də yox? O da bir çiçəkdir. Əgər şəhidlərə görə deyirsinizsə, qızılgül də, başqa çiçəklər də məzar üzərinə aparılır”.

Rejissor Ramil Ağasıyev: \”Qərənfil sovet dövründə ən bahalı və ən hörmətli gül olub. “20 Yanvar” hadisələrindən sonra bu gülləri hörmət və dəyər əlaməti olaraq şəhid insanların məzarlarının üstünə apardılar. Məhz o hadisələrdən sonra Azərbaycanda dəbdən düşdü. qərənfilə yaxından baxsaz günəşin altında çox gözəl parıldayır. Mən evimdə masa üstünə qoyaram”.

PR meneceri Afət Yaqubova: \” Qərənfil gülünü evdə güldanda masanın üstünə qoyaram. Xeyli rəngbərəng sortları da var. Atam hələ də mənə \”8 Mart\”da qərənfil alır ”.

Bakı Ali Neft Məktəbinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova: \”Əvvəllər toy və nişan mərasimlərində gəlinlərin əlində qərənfil gülü olurdu. Bacımın nişanında da qərənfildən buket gətirmişdilər.1989-cu ilin əvvəlində nişanlanıb və oktyabrda toyu olub. Toydan öncə də bizə həmişə qonaq gələndə oğlan evi mütləq qərənfil gülü gətirirdilər. Çox zaman məhz qırmızı qərənfillər olurdu…Lakin 1990-cı il 20 Yanvar hadisələrindən sonra qərənfil şəhidlərimizin qəbri üstünə qoyuldu. Ondan sonra sanki bu gülün taleyi dəyişdi”.

Bakı-Xəbər qəzetinin əməkdaşı Günel Cəlilova: \”Hədiyyə verilsə evə qoyuram: “Ancaq mən kiməsə qərənfil alıb vermərəm”.

Ali Media Mükafatı laureatı, jurnalist Aida Eyvazova: \”Qərənfilləri evlərinizə gətirin ki, həytımız çiçəklənsin, qəmlərdən qurtulaq!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Lalə Qarayeva: \”Mən yox. \”20 Yanvar\”ı xatırladar. Mən o gülə baxıb zövq ala bilmərəm\”.

AFN.az saytının baş redaktoru Həbibə Abdulla: \”Hüzn gülü olduğuna görə, ona baxanda adamın qanı qaralır, mən yox…\”

Gülşanə Mustafayeva
İnterpress.az