Bu hal mediaya açıq olan deputatların mətbuatla təmaslarını məhdudlaşdıra bilərmi?
Məsələ ilə bağlı bir neçə deputatın fikrini öyrənilib.
Fazil Mustafa mediaya açıq olan deputat kimi hesab edir ki, bu ola da bilməz.
“Çünki biz sözümüzün əvvəl-axırını, mübtəda və xəbərini biliriksə, fikrimizi qaydalar çərçivəsində ifadə ediriksə, buna heç kim qadağa qoya bilməz. Heç kim bizə deyə bilməz ki, mediaya açıqlama vermə. Sadəcə olaraq hər kəs bu məsələdə çox diqqətli olmalıdır. Hər kəs verdiyi hər bir açıqlamanın arxasında durmalıdır. Nə özünün ictimai nüfuzuna, nə də Milli Məclisin imicinə xələl gətirməlidir, cəmiyyətdə müəyyən dərəcədə problemlər yaradacaq addımlar atmamalıdır. Amma bu addımları atırsa da, hər kəs bunun fərdi məsuliyyətini daşıyır. Ona görə də məsələnin bundan sonra mürəkkəbləşməsinin bir mənası qalmayıb. Hər kəs özünə görə məsuliyyət daşıyırsa, mediaya bunun açıq və ya qapalı olmasının bir fərqi yoxdur”.
Deputat Vahid Əhmədov son vaxtlar bəzi millət vəkillərinin düşünülməmiş fikirlər səsləndirmələrindən təəssüflənir.
“Bu da əhali arasında millət vəkilləri barədə mənfi rəy yaradır. Biz 125 millət vəkili 10 milyon əhali arasından seçilmişik. Ona görə də çox diqqətli olmaq lazımdır. Xaricdə yaşayan soydaşlarımız bizim mədəniyyətimizi, tariximizi, Qarabağ həqiqətlərini dünyaya çatdıran insanlardır. Biz onları qorumalıyıq. Diaspor fəaliyyətini ciddi şəkildə inkişaf etdirməliyik. Bunlar çox ciddi məsələlər olduğu üçün diqqəti əldən verməməliyik. Digər tərəfdən də prezident İlham Əliyevin əhali ilə görüşləri və onun fikirləri, mətbuata danışığı bizim üçün örnək olmalıdır. Bu bir məktəbdir. Yəni o məktəbdən də millət vəkilləri müəyyən qədər dərs götürməlidirlər. Ümumiyyətlə, hər bir millət vəkili çıxışlarında ehtiyatlı olmalıdır. İnsanların hisslərinə toxunmamalıdır. Əhali ilə münasibətlərini qoruyub saxlamalıdır”.
Deputat Tahir Kərimli etika məsələlərinə görə deputatın Milli Məclisdən kənarlaşdırılmasını düzgün hesab etmir.
“Çünki etika məsələləri çox yayğın bir məsələdir. Subyektiv mülahizələrə söykənir. Hər kəs etikanın pozulmasına müxtəlif cür şərh verə bilər. Bildiyimiz kimi, deputatlar da xalq tərəfindən seçilir. Xalqın seçdiyi adamın isə inzibati və intizam qaydasında cəzalandırılması o qədər də doğru deyil. Müəyyən qədər tənbeh tədbirləri görmək olar. Şübhəsiz ki, bu kimi hallar deputatların mediaya bağlı olmasına gətirib çıxarır. Deputat məcbur olur ki, açıqlama verməsin, söz deməsin. Bəzən olur ki, insandı da, hansısa bir ifadə işlədir. Ona görə də fikirləri təqib oluna bilər və ya hər hansı bir məsələ aktuallaşa bilər. Təbii ki, bu kimi hallar media və parlament münasibətlərini soyudur”.(modern)
İnterpress.az