Manatın get-gedə dəyərdən düşməsi hər kəsi narahat edir. Bəzi ekspertlər milli valyutanı xilas etmək üçün Rusiya təcrübəsini tətbiq etməyi tövsiyə edirlər. Belə ki, Rusiya rublu uzun müddət devalvasiyaya məruz qalsa da, artıq rublun kursunda sabitlik yaranıb. Rusiya iqtisadiyyatı müəyyən qədər böhranlı dövrü geridə qoyub və indi əks proses baş verməkdədir. Azərbaycanda isə təəssüf ki, proses bir istiqamətdə gedir.
Bəs görəsən, Rusiya iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından fərqi nədədir? Putin hökuməti rublu dirçəltməyə necə nail oldu?
Manatı da eyni şəkildə dirçəltmək mümkündürmü?
İnterpress.az xəbər verir ki, “Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, Rusiya rublunun məzənnəsində yaranan stabillik bu ölkənin iqtisadiyyatında əldə olunan uğurların nəticəsidir: “Putin hökuməti Rusiyada rublu sabit saxlamağa nail ola bildi. Bunu şərtləndirən birinci amil odur ki, Rusiya iqtisadiyyatı daha çox şaxələnib, nəinki Azərbaycan iqtisadiyyatı. Rusiyanın həm valyuta gəlirləri, həm də büdcə gəlirləri çox müxtəlif sektorlardan təmin olunur. Orada aparıcı rol yalnız qaz və neftə məxsus deyil. Xammal və resurslar baxımından da Rusiya iqtisadiyyatı daha çox diversifikasiya olunub. Çünki Rusiya bazarında yerli məhsulların xüsusi çəkisi idxal malları ilə müqayisədə daha yuxarıdır. Bu baxımdan, həm sahibkarlara, həm də istehlakçılara daha çox rubl lazım olur. Çünki sahibkarlar həm xammalı rublla alır, həm də bazara çıxarıb rublla satırlar. Gəlirləri də, xərcləri də milli valyuta ilə olduğundan dollar almağa ehtiyac qalmır. Rusiyada hesablaşmaların böyük əksəriyyəti məhz rublla aparılır. Bu, yalnız sahibkarların deyil, həm də əhalinin davranışları ilə bağlıdır. Azərbaycandan fərqli olaraq Rusiyada əhali əlinə düşən hər 1000 rublu dollara dəyişmir. Onların rubla olan inamı bizim manata olan inamımızdan daha yüksəkdir”.
Ekspertin sözlərinə görə, bu məsələdə digər bir amil ondan ibarətdir ki, rus rublu regionda istifadə olunur: “Rublu əksər MDB dövlətlərində dəyişmək olur. Hətta Çində və Türkiyədə də maliyyə əməliyyatlarında rublla hesablaşmalar aparmaq mümkündür. Bu onu deməyə əsas verir ki, rus rublu təkcə Rusiyanın sərhədləri çərçivəsində deyil, həm də regionda valyuta vahidi kimi qəbul olunur, hesablaşmalarda istifadə olunur. Bu da önəmli amillərdən biridir.
Nəhayət, hesab edirəm ki, Rusiyanın Mərkəzi Bankının yerli və xarici maliyyə bazarındakı fəaliyyətini də çox yüksək qiymətləndirirəm. Bu ölkənin mərkəzi bankı daha düzgün məzənnə siyasəti yeritdi. Onlar uzun müddət rus rublunu inzibati müdaxilələrlə tənzimləməkdən imtina etdilər. Onlar tam üzən məzənnə olmasa da, sərbəst üzən məzənnə rejimində rublun tənzimlənməsinə keçdilər. vaxtında üzən məzənnəyə keçdilər və Azərbaycanda olduğu kimi prosesi ləngitmədilər\”.
Qubad İbadoğlu onu da diqqətə çatdırdı ki, əgər Azərbaycanda da iki il öncə üzən məzənnəyə keçilsəydi, onun fəsadları daha az olardı: “Azərbaycanda devalvasiya ən azı 3-4 il əvvəl olsaydı, bu gün Azərbaycan manatı belə aciz vəziyyətə düşməzdi. Bu mənada Rusiya Mərkəzi Bankı vaxtında və düzgün qərar qəbul etdi. Dollara tələbatın artması, bazarda dollar qıtlığının yaşanması kimi hallar Qazaxıstanda da, Rusiyada da olub. Sadəcə, həmin ölkələrdə bu kimi hallarla mübarizə daha güclü olub və onun əhatə dairəsi daha məhdud olub. Bu məsələdə fərqlər var. Rusiyada bank sistemi daha sağlamdır. Azərbaycan bankları kimi ”parnik\” bankları deyil. Orada da belə banklar var idi, lakin sıradan çıxdılar, bu böhran onları “yedi”. Bu baxımdan, Rusiyanın bank sistemi problemlərin qarşısında aciz qalmadı. Biz manatın üstündən birdəfəlik xətt çəkməli deyilik. Manatın kursunda tarazlığa nail olma imkanları hələ də qalır. Bunun üçün sadəcə vaxtında və düzgün qərarlar qəbul olunmalıdır. Nə qədər geciksək də bu şansımız itirilməyib. Manatın tarazlığını bərpa etmək üçün bazara sərbəstlik vermək lazımdır. Bu proses nə qədər tez başlasa, itkilər o qədər az olacaq. Əvvəl-axır onsuz da manat bazarda real qiymətini alacaq. Buna görə də biz nə qədər tez qərar qəbul etsək, bir o qədər də tez manatın real kursu ilə qarşılaşa biləcəyik. Lakin indi manatın məzənnəsinin sabitləşməsindən danışa bilmərik. Çünki sabitləşmə üçün gərək iqtisadi artım olsun və ümumi daxili məhsulda artım müşahidə olunsun\”.
İnterpress.az