İlin antiqəhrəmanı- general Akif Çovdarovbackend

İlin antiqəhrəmanı- general Akif Çovdarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan az sonra onun 10 il ərzində rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi (MTN) də ləğv olundu. MTN-dəki məlum “təmizləmə”lərdən sonra Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov da həbs edildi.

Hazırda Sabunçu Rayon Məhkəməsində hərbi məhkəmənin hakiminin sədrliyi ilə A.Çovdarov və işçilərinin məhkəməsi keçirilir. Məhkəmədə araşdırılanlardan da bir daha aydın olur ki, çiyinlərində xüsusi xidmət orqanının generalı rütbəsini daşıyan Akif Çovdarov sahibkarların “qorxulu yuxusu” olub. Onları MTN-ə çağırıb döyüb işgəncə veriblər. Bütün bunlar əsasən sahibkarıların pullarını və mal-mülklərini əllərindən alıb özünüküləşdirməyə xidmət edib. Çovdarova qarşı irəli sürülən rəsmi ittihamları, o cümlədən ölkə mətbuatının bütünlüklə onun üzərində dayandığını nəzərə alsaq, MTN-də baş verən bütün cinayətlərin onun üzərində fokuslaşdırıldığını görmək olar. Onun məhkəməsi ilə bağlı ən ilginc məsələ Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan
3 milyon alması ilə bağlı oldu. Bu məsələ mediada günlərlə müzakirə olundu. Son məhkəmə prosesində təqsirləndirilən general da bu barədə danışdı: “Burada hamı deyir, Tağı Əhmədov. Bilirsiniz, kimdir bu Tağı Əhmədov? Ay kişi, tanıyanlar bilir, Tağı Əhmədov adama 3 manat da verməzdi. 7 il kuratoru olmuşam bu adamın, bir dəfə zəng etməyib mənə. İndi haradan gətirdi bu 3 milyonu? Mən çox şey deyə bilərəm. Olmur danışmaq. Bilirsiniz, kim yuxarıdan Tağıya tapşırmışdı ki, metronu bağlasın? Tağıya Moskvadan zəng eləmişdilər ki, səni tutacaqlar, qaç oradan, apar, kimə nə borcun qalıb qaytar. Çox şeyi deyə bilmirəm”.

Qurban Məmmədovun vaxtilə Akif Çovdarovla “kəsişən yollar” da mediada maraqla qarşılanıb. Belə ki, vəkili müdafiə etdiyi Vaqif Bağırovu MTN-ə, Akif Çovdarovun hüzuruna çağırıblar. Vəkil israr edib ki, müvəkkilini onun iştirakı olmadan dindirməyəcəklər. Uzun çək-çevirdən sonra razılıq əldə olunub və Q.Məmmədov müvəkkili ilə birgə generalın qəbuluna düşə bilib.

Həmin görüş haqda Q.Məmmədovun geniş açıqlamalaırndan bir epizodu diqqətə çatdırmaqla sahibkarların A.Çovdarovun qəbulunda hansı işgəncələrdən keçdiyini diqqətə çatdırırıq.

Sitat:

“Onu əvvəllər yaxından görməmişdim və tanımırdım. Haqqında bildiyim tək o idi ki, jurnalist Aqil Xəlilə qarşı şəxsən qanunsuzluq edərək ona xəsarət yetirib və özünün amansız davranışları ilə məşhurdur.

O, “T” şəkilli stolun başında, mən ondan solda, Vaqif bəy də sağda oturdu. Mənə elə gəldi ki, o məni tanımır və görmür.

A.Çovdarov küçə söyüşləri ilə, biədəb ifadələrlə Vaqif Bağırovu təhqir etməyə, başına oyun açacağı ilə hədələməyə başladı. V. Bağırovu tər basmışdı. Cavab verməyə cəsarət etmirdi və sanki komaya düşmüşdü. Çovdarovun isə söyüş və təhqirləri, hədələri havada uçuşurdu. Onun səsi olduqca vahiməli idi. Mən yalnız o anda başa düşə bildim ki, yazıq sıravi vətəndaşlar bu adamın qəbulunda nələr çəkirlər…

Mən: “başa düşmədim, biz dövlət orqanına gəlmişik, yoxsa bazara? Bu nə hərəkətdir siz edirsiniz?” – deyə, A. Çovdarova müraciət etdim. Mən tərəfdə, başım üstündə 3 nəfər də əməkdaş əlləri qarınlarında çarpaz şəkildə durmuşdular. A. Çovdarov məni eşitməmiş kimi davam etdi. Sanki mən orada yoxam. Vaqifin isə çox ağır psixoloji sarsıntı keçirdiyi göz qabağında idi. Sanki o keyləşmişdi, heç nə eşitmir, heç nə duymurdu.

Mən yenə də etiraz etdim. Bu dəfə səsimi bir azca yüksəltdim və belə davam edəcəyi təqdirdə oranı tərk edəcəyimi, başqa orqanlara müraciət edəcəyimi bildirdim\”.
Vəkilin sayəsində onu müvəkkili ilə A.Çovdarovun qəbulundan izahatsız-filansız azad ediblər.

Q.Məmmədov A.Çovdarovun qəbulundan çıxandan sonra baş verənləri belə təsvir edir: “Biz çıxdıq. Hiss edirdim ki, Vaqif Bağırov özündə deyil, baş verənləri qətiyyən dərk eləmir və gördüklərinə, eşitdiklərinə inanmır. MTN – nin yüz metrliyində saxladığı maşınına çatanadək tez – tez geriyə baxmasından aydın olurdu ki, o sərbəst buraxıldığına inanmır. Maşında isə onun mənə dediklərini tam olmasa da, qismən diqqətinizə çatdırmağı zəruri bilirəm: ”Balalarına qurban olum, Qurban müəllim. Mən bütün ömrüm boyu sizə minnətdaram, Sizə borcluyam. Bilirsiniz, siz olmasaydınız nə olacaqdı? Akif Çovdarov əvvəl mənim anamı, bacımı, var – yoxumu söyüb təhqir edəcəkdi, sonra da dəli inək balasını ayaqlayan kimi tapdalayıb ayağı altına salacaqdı, sonra başıma işəyib məni murdarlayacaqdı. Məni kişilikdən salandan sonra podvala salıb iki milyonumu da, var – yoxumu da satdırıb alıncaya qədər orada mənə zülm edəcəkdilər. Mən bundan sonrakı həyatımı sizə borcluyam.\” Mən nə qədər də: “əğstəfrullah, sən nə danışırsan, boş şeydir, nə borc – zad? Çovdarov gördü ki, sənin cinayətin yoxdu, buraxdı. Bu ölkədə qanun var, qayda var.” – desəm də, o sakitləşmək bilmirdi. Ofisə çatanadək dil qəfəsə qoymadan danışdı. Onu dindirən ruhuna hopmuş qorxu və vahimə idi. Yalnız ofisdə başqalarının da dediklərindən başa düşdüm ki, həqiqətən də biz çox böyük bəladan xilas olmuşuq. Sən demə, yüzlərlə başqa iş adamının başına gətirilənlərdən məndən başqa çoxlarının xəbəri var imiş. Elə şeylər danışdılar ki, dəhşətə gəldim\”.

Akif Çovdarovun əməlləri haqda mətbuatda yazılanlar böyük bir kitabın materiallarından qat-qat artıq olar. Onun ictimai əhəmiyyətli əməllərinin mənfi planda olması da ilin antiqəhrəmanı olması adına ən layiqli namizəd göstərməyə əsas verir. (musavat)

İnterpress.az