Bu fikirləri Milli Məclisin deputatı, professor Elman Nəsirov Azərtac-a açıqlamasında deyib.
“Atılan bütün addımlar məhz iqtisadi istiqamətdə dövlətimizin strateji maraqlarının təminatına yönəldilib. İlk növbədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru məhsullarının istehsalı və onun “Made in Azerbaijan” brendi altında dünya bazarlarında tanınması, xüsusilə də qeyri-neft sektorunun ixracatının stimullaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb. Xüsusilə də qeyri-neft ixracatı ilə məşğul olan sahibkarlar ölkənin rəhbəri səviyyəsində belə bir əminlik əldə etdilər ki, dövlətimiz bu istiqamətdə bütün lazımi addımları atacaq. Sahibkarlara maliyyə dəstəyi məsələləri bundan sonra da dövlətin, xüsusilə Prezidentin diqqətində olacaq. Bu kontekstdə indiyədək atılmış addımlar artıq öz səmərəsini verməkdədir”, – deyə Milli Məclisin deputatı qeyd edib.
E.Nəsirov bildirib ki, 2017-ci ilin birinci rübündə qeyri-neft sektorunda 2,4 faizlik iqtisadi artım tempi özünü göstərib. Ümumiyyətlə, ilin birinci rübü ərzində ixracatın həcmi 50 faiz artıb və bunun 10 faizini qeyri-neft sahəsi təşkil edir ki, bu da yüksək nəticədir. Eyni zamanda, idxal 17 faiz azalıb. Bu da o deməkdir ki, yerli istehsal gücləndiyindən xaricdən idxal azalıb. Paralel şəkildə Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması prosesi də dinamik bir prosesə çevrilib və bu istiqamətdə konkret nəticələr var.
Dövlətimizin başçısı kənd təsərrüfatı məhsullarının müxtəlif ölkələrin bazarlarına çıxarılması məsələsini də hər zaman gündəmdə saxlayır. Yəni, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, ipəkçilik və digər sahələrdə əldə edilən məhsulun yekun məhsula çevrilməsi və dünya bazarına çıxarılması əsas hədəflərdən biridir. Ölkə Prezidenti bu kontekstdə turizmin inkişafı məsələlərinə də xüsusi diqqət ayırdı və qeyd etdi ki, turizmin özünü də qeyri-neft ixracatı kimi qiymətləndirmək olar. Çünki bu, ölkəmizə xarici valyuta gətirir. Azərbaycanın turizmin inkişafı üçün çox geniş imkanlar var, bu proses də birbaşa Prezidentin nəzarəti altındadır və bu istiqamətdə real addımlar atılmaqdadır.
Prezident İlham Əliyevin müşavirədə toxunduğu məsələlərdən birinin də hərbi məhsulların istehsalı və ixracatı məsələsinə olduğunu deyən E.Nəsirov qeyd edib ki, ölkəmiz dünyada bu sahədə də uğurlar qazanıb. Təsadüfi deyil ki, Azərbaycanın xarici dövlətlərlə 100 milyon dollardan çox həcmdə müqavilələri var. Bu da ölkəmizin yerli istehsalı olan hərbi silah-sursatın satışını özündə ehtiva edir. Eyni zamanda, Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur ki, onlar da ölkəmizin hərbi gücünün daha da artırılması və həmin məhsulların qonşu bazarlarda, digər xarici ölkələrdə satışının həyata keçirilməsi üçün çox yaxşı imkanlar yaradır.
Bu müşavirənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Prezident bütün sahibkarlara tam təminat verərək dövlətimizin onların arxasında olduğunu və bundan sonra da olacağını qeyd etdi.
İnterpress.az