İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Musrətafayev cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
Vəsatətə münasibət bildirən Fuad Əhmədli həbsinin sifarişli olduğunu və vəkikinin vəsatətini müdafiə etdiyini deyib.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. Prokuror cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.
Hakimlər müdadiə tərəfinin vəsatətlərini təmin etməyib.
Məhkəmənin baxış iclası mayın 2-nə təyin edilib.
Bildirək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb.
Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən yayılan rəsmi məlumatda bildirilir ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Fuad Əhmədli əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.
İnterpress.az