Donald Trampın Amerika prezidenti kimi fəaliyyətindən 100 gün keçir. Trampın bu müddət ərzində fəaliyyəti dünya mediasının gündəmindədir.
Məlum olduğu kimi, Tramp hələ prezident kimi səlahiyyətlərinin icrasına başlamadan öncə ilk 100 gün ərzində nələr edəcəyini açıqlamışdı. Lakin zaman göstərdi ki, o, ötən günlər ərzində vədlərinin çox az bir qismini yerinə yetirə bildi. Ekspertlərin fikrincə, Tramp, daha çox Amerika prezidentlərinə xas olan ənənəvi siyasəti davam etdirir.
Trampın Rusiya ilə daha yaxın münasibət quracağına dair verilən proqnozlar da öz təsdiqini tapmadı.
Bəs Tramp bu müddət ərzində 100 günlük vədlərinin necə faizini yerinə yetirdi?
İnterpress.az-ın məlumatına görə, politoloq Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirib ki, 100 gün ərzində qarşıya qoyulan məqsədlərin bir qisminin icrası istiqamətində addımlar atılıb:
“Tramp ilk vaxtlar bildirirdi ki, Amerika ilə Meksika arasında sərhəd çəkəcək. İkinci vədi Obama dövründən qalma “Obamacare” adlanan tibbi sığorta sistemi ilə bağlı xərcləri azaldacağı ilə bağlı idi. Bundan əlavə biznesmenlər üçün də endirim edəcəyini, korrupsiyaya qarşı mübarizə aparacağını vəd etmişdi. İndi Trampbunların hamısı ilə bağlı addımlar atıb. Belə ki, ən azından Senatda təklif səsləndirilib. Lakin hesab edirəm ki, Trampın bu vədlərindən ikisi yerinə yetməmiş qalacaq. Bunlardan biri “Obamacare” sistemi, digəri isə Meksika və Amerika arasında tikməyi planlaşdıran sərhəd məsələsi ilə bağlıdır. Hansı ki, bu məsələlər barəsində Senatı inandıra bilmədi ki, pul ayrılsın. İlk olaraq Tramp bildirmişdi ki, bu işləri Meksikanın hesabına gördürəcək. Ancaq bu variant da alınmadı. Bundan əlavə Tramp digər bir neçə məsələdə də 100 gün ərzində geriyə addım atdı. Məsələn, o, deyirdi ki, artıq Amerika NATO üçün pul xərcləməyəcək və bunu Avropa müttəfiqləri öz üzərilərinə götürməlidirlər. İndi isə görünür Tramp başa düşür ki, Amerika NATO-dakı klassik vəzifəsindən geri çəkilməməlidir. Digər tərəfdən isə Tramp bildirirdi ki, Suriya məsələsində aktiv qalmalıdır. Ancaq bu vədində də gördük ki, Tramp fikrini dəyişib. Ümumi şəkildə qeyd edə bilərik ki, Tramp verdiyi bir çox vədlərini yerinə yetirə bilməyib. Lakin ola bilər ki, məsələn, ciddi baxmasalar da gəlir vergisini 15 faizə endirə bildi. Bu eyni zamanda gəlirləri də xeyli dərəcə azaldacaq. Ancaq məncə bu məsələyə Senatı inandırmaq ehtimalı daha çoxdur”.
Politoloq Trampın bu günlər ərzində Rusiya ilə münasibətlərindən də danışıb:
“Tramp bildirirdi ki, biz, Rusiya ilə münasibətləri normallaşdıracağıq. Ancaq bilmək olmaz ki, onun belə mövqeyi müvəqqətidir, yoxsa daimi. Hal-hazırda demək olmaz ki, Rusiya ilə çox ciddi münasibətlər var. Növbəti illər barəsində proqnoz vermək çox çətindir. Bir məsələ var ki, Respublikaçılar partiyası adətən Rusiya ilə münasibətləri daha pis tuturlar, nəyinki, Demokratlar partiyası. Ona görə də hələ inauqurasiya öncəsi Trampın Rusiya ilə münasibətləri düzəldəcəyinə dair verdiyi vədlərə çox da inanılmırdı. Düzdür, Tramp biznes dünyasından gəlib və bu sahədə maraqları çox güclüdür. Biznes adına ruslarla müəyyən bir əməkdaşlıq edə biləcək ehtimalını vermək mümkündür. Bununla bərabər, bu məsələdə o, digər respublikaçıları inandırmayandan sonra, Senatın onun bu siyasətini dəstəkləməyəcəyi açıq aydındır. Hansı ki, bu günə qədər də dəstəkləmir. Məlumdur ki, Prezident Administrasiyasının xarici siyasəti dəyişməkdə müəyyən qədər rolu olsa da bu, tam deyil. Amerika ənənəvi sistem olduqca güclüdür. Bunu dəyişmək isə əlbəttə ki, çətindir. Çünki sistem bir il, beş il üçün nəzərdə tutulmayıb. On illərdir oturuşmuş olan bu sistemdə bir insan təkbaşına heç nəyi həll etmir. Sadəcə olaraq, bir nəfər siyasətə müəyyən bir çalar qata bilir ki, bunu da Tramp etməyi bacarıb. Nələrsə etmək üçün hələ bir müddət də tələb olunur. Xarici siyasətdə əsas orqan Senat, Nümayəndələr Palatasıdır. Senat isə nə NATO, nə Rusiya, nə də Suriya məsələsində hələ ki, inandırılmayıb”.
İnterpress.az