Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bəzi vətəndaşlar sosial evlərlə bağlı qeydiyyatdan qısa zaman ərzində keçməyə çalışırlar: “Qeydiyyatdan keçmək sosial mənzil almaq imkanlarına təsir göstərmir. Sosial evlərə elektron müraciətin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da, ikinci mərhələdə “ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək.”
Vüqar Bayramov qeyd edib ki, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımız isə daha tez müraciət etməlidir:
“Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif ediləsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar.”
İnterpress.az