İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Donald Trump-ın yaxın adamlarından biri Moskvada bina tikintisinə müqavilə almaq üçün Vladimir Putindən kömək əldə etməyə çalışıb. Bu sövdələşmə Trump-ın prezident seçilməsinə kömək etməliymiş.
Hazırda FTB-nin keçmiş direktoru, indi isə xüsusi prokuror Robert Mueller Trump kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdırır. ABŞ kəşfiyyatı əmindir ki, Rusiya Putinin birbaşa göstərişi ilə ABŞ seçkisini təsirləndirməyə çalışıb.
\”New York Times\” qəzetinin tanış olduğu email-lərdə biznesmen kimi təqdim edilən Felix Sater cənab Trump-ın müvəkkili Michael Cohen-ə təklif edirdi ki, o Moskvada Trump Tower göydələninin tikintisi üçün müqavilə əldə etməyə çalışsın.
\”Mən Putini bu layihəyə cəlb edəcəyəm və biz Donald-ı seçdirəcəyik\” – yazırdı Sater.
Daha sonra email-də deyilirdi: \”Bizim oğlan ABŞ prezidenti ola bilər və biz bunu düzüb-qoşacağıq. Mən bütün Putin komandasını bu işə qoşacağam\”.
\”The Washington Post\” yazır ki, Sater-in israrlarına baxmayaraq Trump Moskvaya səfər etməyib və Moskvada Trump Tower tikmək planları seçki kampaniyası başlayar-başlanmaz ləğv olunub.
\”Mən qəti əmin idim ki, bu təklif ağlabatan deyil və Moskvaya səfər etməyə heç vaxt razılaşmadım\” – deyilir Cohen-ə aid email-də.
Lakin \”The Washington Post\”un məqaləsində deyilir ki, Cohen layihənin həyata keçməsi üçün Rusiya hökumətindən kömək istəyib.
Qəzetdə açıqlanan email-dən məlum olur ki, Cohen Kremlə, daha doğrusu Dmitri Peskova zəng edərək Moskvada Trump Tower layihəsinin həyata keçirilməsi üçün dəstək istəyib.
Cənab Cohen bildirib ki, \”belə mühüm məsələyə\” biganə qalmaq olmaz.
Qəzetin yazdığına görə Cohen Konqres komitəsinə deyib ki, sözü gedən email-i Sater-in tövsiyəsi ilə göndərib.
\”The Washington Post\”un məqaləsindən sonra CNN tərəfindən dərc edilmiş bəyanatlarında Cohen deyir ki, layihəni üç dəfə Trump-la müzakirə edib. Bununla belə Cohen bu layihənin prezident kampaniyası ilə hər hansı əlaqəsi olduğunu inkar edib.
Cohen bildirir ki, o bu məsələdən nəsə hasil olmayacağını başa düşdükdən sonra 2016-cı ilin sonlarında layihədən əl çəkib.
\”The Independent\” yazır ki, Sater-in email-lərində prezident kampaniyası və Rusiya liderliyi ilə əlaqəsi olduğu iddia edilən adamların uzun siyahısı var.
Bu ilin əvvəllərində bəlli olmuşdu ki, Trump-ın böyük oğlu Donald, kürəkəni Jared Kushner, habelə Trump kampaniyasının o vaxtkı başçısı Paul Manafort-la rusiyalı vəkil Natalia Veselnitskaya arasında görüş keçirilib. Veselnitskaya demokratik namizəd Hillary Clinton-un kampaniyasına ziyan vuracaq informasiyaya malik olduğunu iddia etməklə bu görüşə nail olmuşdu.
Cənab Trump indiyədək özünün Rusiyada heç bir əhəmiyyətli biznes maraqlarının olmadığında israr edir. O yanvarın əvvəllərində yazdığı Twitter postunda bildirirdi: \”MƏNİM RUSİYA İLƏ HEÇ BİR ƏLAQƏM YOXDUR – NƏ SÖVDƏLƏŞMƏ, NƏ KREDİT, NƏ DƏ HEÇ NƏ\”.
Lakin Trump və onun şirkətinin keçmişdə Rusiya ilə əlaqələri olub. Prezident 2013-cü ildə Miss Universe gözəllik yarışını keçirmək üçün Moskvaya səfər etmişdi.
Bundan əvvəl Trump Putini \”mənim ən yaxşı yeni dostum\” adlandırmışdı.
Gözəllik yarışının Moskvada keçirilməsini isə rusiyalı oliqarx Araz Ağalarov təşkil etmişdi.
Onun oğlu Eminin adı 2016-cı ildə musiqi agenti Rob Goldston-dan Trump-ın oğluna göndərilmiş email-də çəkilirdi.
Bu email-də Emin, Clinton haqqında ziyanlı informasiyanın veriləcəyi görüşün vasitəçisi adlandırılırdı.
2013-cü ildə Moskvaya səfərindən sonra Trump mühafizəkar radionun aparıcısı Hugh Hewitt-ə demişdi ki, \”yüksək səviyyəli adamlarla, həm generallar, həm də oliqarxlarla və hökumət adamları ilə görüşüb\”.
\”Mən bundan artıq informasiya verə bilmərəm, amma bunu deyə bilərəm ki, ən yüksəkdə duran adamlarla görüşmüşəm və bu münasibətlər fövqəladədir\” – demişdi .
İnterpress.az