Bunu prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, hər il beş milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçir: “Qobustanda Mərkəzi Rayon Xəstəxanasının tikintisinə əlavə vəsait ayrılacaq, indi işlər daha da sürətlə getməlidir və müvafiq göstəriş veriləcək, çünki tikinti başlamışdır, amma bir az yavaş gedir. Biz onu gərək sürətləndirək ki, bu məsələ də Qobustan rayonunda öz həllini tapsın. İnfrastrukturla bağlı digər layihələr uğurla icra edilir, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, öz həllini tapıbdır. Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizdən çoxdur və növbəti aylarda daha da geniş vüsət alacaq. Hesab edirəm ki, qazlaşdırma maksimum təmin edilməlidir. İçməli su ilə bağlı problem öz həllini tapır, kənd yollarının tikintisi davam edir. Biz bir layihəni icra etmişik. Bu layihə təqribən 13 minə yaxın əhalini əhatə edir. Bu gün isə növbəti kənd yolunun açılışını qeyd edəcəyik. Açılacaq bu yol da 15 min insanın işini yüngülləşdirəcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Qobustan rayonunda öz həllini tapır”.
Dövlət başçısı səfərlərinin birində burada həm külək, həm də günəş alternativ enerji mərkəzinin açılışını etdiyini qeyd edib: “Bu, ölkəmiz üçün pilot layihə idi. İndi isə ölkəmizin bir çox yerlərində bu layihələr icra edilir. Əlbəttə, bütün infrastruktur layihələri həyata keçiriləndən sonra, – onu da qeyd etməliyəm ki, Bakı-Şamaxı avtomobil yolunun da dörd zolağa genişləndirilməsi layihəsi də uğurla icra edilib, – gələcəkdə ancaq rayonun inkişafı ilə bağlı kənd təsərrüfatı və emal sənayesi layihələri icra edilməlidir. Əvvəlki dövrlərdə idman mərkəzi də tikilmişdir, əminəm ki, xəstəxana da yaxın vaxtlarda tikiləcək. Bir çox məktəblər tikilib, təmir edilib. Bu gün bir bağçanın açılışını da qeyd etdik. Növbəti illərdə qəzalı vəziyyətdə olan məktəblər təmir ediləcək, yeni məktəblər tikiləcək. Beləliklə, bundan sonra rayonun inkişafına çox böyük təkan veriləcək və insanlar rahat yaşayacaqlar. İş yerləri də yaradılır və ümumi iqtisadi inkişafımız çox müsbətdir. Əminəm ki, bu ili biz uğurla başa vuracağıq”.
İnterpress.az