Milli.az saytının yazdığına görə bu barədə “Lider” telekanalında yayımlanan “Bu bizik” verilişində məlumat yayılıb. Belə ki, verilişin aparıcısı Tarix Əliyev (Tolik) “faytonçu” Nazimlə söhbətində həkim səhvindən danışarkən iyul ayında azərbaycanlı model Leylanın əməliyyatdan sonra ölümü məsələsinə də toxunub. Aparıcı gənc qızı əməliyyat edən, əslən iranlı Siruz Qoçxaninin həbs edildiyini bildirib:
“Keçən aylarda bizim bir model-aktrisamız var idi. Onu, əslində, Azərbaycanda heç kim tanımırdı, amma İrandan gələn bir mütəxəssis onu Bakıda əməliyyat elədi. Bu gün Nazimdən eşitdim ki, o həbs olundu. Barəsində cinayət işi açılıb”.
Məsələ aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı hazırda “Zəfəran Hospital”da estetik cərrah işləyən iranlı həkim Siruz Qoçxani ilə əlaqə saxlayıb. Həkim açıqlamasında haqqında yayılan məlumatı təkzib edib:
“Bütün bu məlumatların hamısı yanlışdır. Hazırda mən “Lider” televiziyasına gedirəm. 4 iyul tarixində prokurorluq məni çağırdı. Aydınlaşdırıldı ki, model qızın ölümündə həkim səhvi olmayıb. Mən də öz işimdə, “Zəfəran Hospital”dayam. Hər gün də əməliyyat edirəm və heç bir problem yoxdur. Burda nəsə problem olmayıb ki, mən narahat olum”.
Həkim bir daha 22 yaşlı qızın ölümündə həkim səhvi olmadığını vurğulayıb:
“Burda cinayət işi olmayıb. Həm ekspertiza, həm də səhiyyə nazirliyi qeyd edib ki, həkimin günahı yoxdur”.
Xatırladaq ki, 22 yaşlı model Leyla bu ilin 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyat “Zəfəran Hospital”da, həkim Siruz Qoçxani tərəfindən aparılıb. Əməliyyatdan iki gün sonra, 25 iyun tarixində gənc qız qəfildən vəfat edib. Ailəsi onun ölümündə həkimi günahlandırıblar.
İnterpress.az