REAL Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə 3 məkan təklif edib. Təşəbbüs qrupunun müraciətində dövlət qurumlarından xahiş edilir ki, 3 məkandan biri – Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, Təbriz Kinoteatrı və ya Bakı Kinoteatrı qurultaydan ötrü bir günlüyə hərəkatın istifadəsinə ayrılsın.
REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, qurultayın keçirələcəyi məkanla bağlı hələ ki rəsmi cavab gəlməyib:
“Yerin seçimi bizdən asılı deyil. Biz rəsmi şəkildə müraciət etmişik, amma hələ buna cavab gəlməyib. Xahiş etmişik ki, 10 gün müddətində müraciətimizə cavab verilsin. Hələ bu müddət tamam olmayıb. Yalnız rəsmi cavabdan sonra hansı yer təklif ediləcəksə, bununla bağlı qərar olacaq”.
N.Cəfərli həmçinin qeyd edib ki, qurultayın keçiriləcəyi tarix dəyişməz olaraq qalıb:
“Müraciətimizdə qurultayın tarixi kimi konkret olaraq oktyabrın 29-unu qeyd etmişik. Hazırda bizdən asılı bir şey qalmayıb. Rəsmi cavabın tələbləri nədən ibarət olacaqsa, ona uyğun qərarımızı verəcəyik.
Digər tərəfdən yer dəqiqləşməlidir ki, dəvətnamələri də paylaya bilək. Dəvətnaməyə ünvanı yaza bilmiriksə, mənası yoxdur”.
İcraçı katibin sözlərinə görə, REAL-ın müraciətinə oktyabrın 11-i də daxil olmaqla cavab verilməlidir. Çünki müraciətdə qeyd edilən 10 gün müddəti həmin tarixdə tamam olur.
İnterpress.az