İnterpress.az Deutsche Welle-yə istinadən xəbər verir ki, beynəlxalq yardım təşkilatı Oxfamın \”Uprooted by Climate Change\” adlı hesabatına görə, yoxsul ölkələrdə yaşayanlar, qeyri-normal hava səbəbiylə rifah səviyyəsi yüksək ölkələrdə yaşayanlara nisbətən beş qat daha çox yaşadıqları bölgəni tərk etmə riski ilə qarşı-qarşıya qalırlar.
Almaniyanın Bonn şəhərində gələn həftə başlayacaq BMT İqlim Konfransı ərəfəsində dərc olunan hesabata görə, 2008-2016-cı illər ərzində hər il yoxsul ölkələrdə yaşayan təxminən 14 milyon insan qeyri-normal hava şəraiti səbəbilə başqa bir bölgəyə sığınmaq məcburiyyətində qalıb. Bu rəqəm həmin ölkələrin ümumi əhalisinin 42%-ni təşkil edir. Sözügedən təbiət hadisələri rifah səviyyəsi yüksək ölkələrdə yaşayanların təxminən bir milyonuna təsir edib. Bu rəqəmin əhalinin ümumi sayına nisbəti isə 8% təşkil edir.
Oxfam Birləşmiş Millətlər İqlim Konfransı ərəfəsində iqlim dəyişikliyinin qarşısını almaq üçün daha çox tədbir görülməsi çağırışını edib. Təşkilat bu kontekstdə qalıq yanacaqlar yerinə bərpa olunan enerjiyə üstünlük verilməsi və yoxsul ölkələrə daha çox dəstək olunmasını tələb edib. Oxfam İqlim Mütəxəssisi Yan Kowalzig \”İqlim dəyişikliyi aclıq və yoxsulluğun artmasına, getdikcə daha çox insanın yerini-yurdunu tərk etməsinə səbəb olur\” açıqlamasını edib.
İnterpress.az