Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçki məntəqələrində veb-kameralardan istifadə məsələsi müzakirəyə çıxarılıb.
MSK sədrinin müavini Natiq Məmmədov çıxışında qeyd edib ki, Prezident seçkiləri ilə əlaqədar işğal olunmuş ərazilərdə yerləşən 6 seçki dairəsinin ərazisi istisna olmaqla, 119 seçki dairəsindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb: “Seçki günü dünyanın istənilən nöqtəsindən bu veb-kameralar vasitəsi ilə Azərbaycanda səsvermə prosesini izləmək olar. İstənilən beynəlxalq təşkilata imkan verilir ki, seçki prosesini başdan sona qədər müşahidə edə bilsin. İnsan haqlarının qorunması ilə bağlı müraciətlərin araşdırılmasına effektiv vasitədir”.
MSK katibi Mikayıl Rəhimli seçkilərdə veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının artırılmasını təklif edib.
MSK sədri Məzahir Pənahov isə deyib ki, veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının seçki məntəqələrinin 20 faizini təşkil edir və bu, dünyada seçkilərə qiymət vermək üçün yetərlidir.
MSK-nın iclasında Prezident seçkilərində 119 seçki dairəsi üzrə 1000 məntəqədə veb-kameraların quraşdırılması və veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısının rəsmi dərc edilməsi barədə qərar qəbul edilib. ( report.az )
İnterpress.az