Məhəmməd Salahın butsuları Britaniya Muzeyində nümayişə qoyulub – Misirdə hiddətləniblərbackend

Məhəmməd Salahın butsuları Britaniya Muzeyində nümayişə qoyulub – Misirdə hiddətləniblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZƏRTAC “Əl-Masri əl-Youm” nəşrinə istinadla bildirir ki, Misirin keçmiş tarixi abidələr naziri Zahi Havas futbolçunun butslarının Britaniya Muzeyində qədim Misir eksponatları arasında nümayiş etdirilməsindən hiddətləndiyini bildirib. Onun fikrincə, muzeyin rəhbərliyinin bu qərarı əsla yolverilməzdir. Bu, böyük Misir sivilizasiyasına hörmətsizlik və onun lazımi səviyyədə qiymətləndirilməməsi deməkdir. Alim hesab edir ki, futbolçuya böyük rəğbətinə baxmayaraq, onun butslarının Qədim Misirə məxsus eksponatlar arasında nümayiş etdirilməsini yolverilməz sayır. O deyib: “Britaniya Muzeyinin davranışı təkcə Misir abidələrini deyil, Salahın özünü də təhqir edir, çünki o, muzeyin bu qərarından məmnun qala bilməz”.

Qədim Abidələr Nazirliyinin baş arxeoloqu Məcdi Şaker də Salahın butslarının Qədim Misir eksponatları kolleksiyasında sərgilənməsini dözülməz hal adlandırıb. Onun sözlərinə görə, misirli futbolçunun butslarının Rozetta daşının yanında nümayiş etdirilməsinin qəti əleyhinədir. Çünki Qədim Misir və bəşər sivilizasiyasının ən böyük nailiyyətlərini özündə ehtiva edən Misir şöbəsi Britaniya muzeyinin ən mühüm şöbələrindəndir.

Tanınmış misirli aktyor Nabil əl-Həlfəvi bildirib ki, butslar qədim irsin yanında nümayiş etdirilməyə layiq qədim eksponat deyildir, onların yeri idman muzeyi, yaxud futbol əfsanələrinin zalıdır.

Amma Qədim Abidələr Nazirliyinin eksperti Visam Məhəmməd muzeyə dəstək verərək deyib ki, butslar Britaniya Muzeyinin müasir Misirin tarixi haqqında layihəsi çərçivəsində sərgilənir. Ekspert deyib: “Bu ideya böyük Misir fironları ilə Misir gənclərinin müasir modeli arasında əlaqəni əks etdirir”.

Sərginin kuratoru Nil Spenserin daha əvvəl söylədiyi fikrə görə, butslar Misirin İngiltərədə çıxış edən və qlobal təsir göstərən müasir rəmzinin tarixini əks etdirir. Eksponat muzeyin XX-XXI əsrlərin gündəlik həyatı tarixindən əşyaların köməyi ilə danışmağı nəzərdə tutan yeni layihəsi çərçivəsində nümayiş etdirilir.

Xatırladaq ki, Məhəmməd Salah 2017/2018-ci illər mövsümündə İngiltərə çempionatında ilk dəfə çıxış edib və 32 qolla ən yaxşı bombardirlərdən biri olub.

İnterpress.az