Əvvəla bu cızmaqara Azərbaycan dilinin pozuq ləhcəsində, dilin qrammatik qaydalarına əməl olunmadan, lağlağı xarakteri daşıyan, fikirlərin ifadəsində psixi xəstəlik keçirmiş bir səfehin sarsaqlamasından başqa bir şey deyildir. Lakin, milçək bir şey olmasa da, ürək bulandırır.
Əjdər, cızmaqaranın əvvəlində göstərirsən ki, Sabir Rüstəmxanlı DAK-ın II qurultayına mərhum Heydər Əliyevlə birlikdə gəlmişdir və sonralar VII qurultaya gəldi, sonra isə Məclisə sədr seçildi. Bildiyimizə görə, sən o zamanlar DAK-ın maliyyə məsələlərinə nəzarət etmisən. Deməli, dövlət tərəfindən ayrılan pullar sənin əlindən keçib və onu mənimsəmisən, o vaxtdan dişində şirə qalıb. Sənin dediyinə görə o zaman dövlət 150 min dollar, əlavə kömək edənlər isə 15 min avro vermişdilər. O pulların ünvanı üzrə xərclənmə sənədləri ortaya çıxarılmasa onda yediklərini burnundan tökəcəklər. O zamanlar ortada nə Sabir bəy, nə də Tənzilə xanım var idi.
Əjdər, sən özünü DAK-ın yaradıcısı, bayraq keşikçisi kimi qələmə verirsən və hər dəfə özünü guya ölkə rəhbərlərinin ən yaxın adamı kimi təqdim edirsən. Axı sən kimsən ki, adını keçmiş ölkə başçılarının adı ilə yanaşı çəkirsən? Dünyasını dəyişənləri iyrənc əməllərinə şahid göstərirsən. Sənin ən yaxın dostun və adamın Sabir bəy olub. Ona da yaltaqlıq etməkdən başqa bir işin olmayıb.
Deyirsən ki, VIII qurultayda Məclis yaradıldıqdan sonra Sabir Rüstəmxanlı sədr seçildi və Diaspora ilə iş üzrə Dövlət Komitəsi 15-20 min dollar vəsaitlə yardım etdi. Məlumdur ki, bu vəsait sənə verilmişdi. Bu pulların aqibəti hələ də məlum deyil. Sabir bəyin rüşvət almaqda və ya kələkbazlıq etməkdə „fərasəti“ yoxdur. Belə işlərdə sənin böyük təcrübən vardır.
Əjdər, sən Daimi Şuranın sədri ola-ola DAK-ı fəaliyyətsizlikdə günahlandırırsan. Nəzərinə çatdırıram ki, DAK-ın üzvü olduğum bu dövrdə elə tədbir olmayıb ki, orada Güney Azərbaycan, Qərbi Azərbaycan (İrəvan Xanlığı), Borçalı mahalı ilə bağlı məsələlər müzakirə edilməsin. Bu gün DAK-ın tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycana (indiki Ermənistana) „Dönüş“ İB-nə, Borçalı cəmiyyətinə DAK-ın ofisində təmənnasız Qərargah ayrılmış, lazımi avadanlıqlarla təmin edilmişdir. Buna görə də DAK-ın rəhbərliyi Qərbi azərbaycanlıların və Borçalı mahalı əhalisinin böyük rəğbətini qazanmışdır. DAK-la birlikdə fəaliyyət göstərən Beynəlxalq Diaspor Mərkəzi ölkə kənarında, azərbaycanlıların kompakt yaşadığı yerlərdə silsilə tədbirlər keçirməkdədirlər. Sən isə BDM-in rəhbəri İsmayıl Ağayevi də qatı cinayətkar adlandırırsan. Bunu sübuta yetirə bilməsən axırı yəqin ki, „Tellonu çal, Əjdər əmi “ mahnısı ilə yekunlaşacaq.
Ölkə prezidenti cənab İ. Əliyev Diaspor fəaliyyəti ilə məşğul olan bütün təşkilatlara həmişə xüsusi dəstək vermiş, xüsusən, Qərbi Azərbaycan – İrəvan Xanlığı torpaqlarının erməni işğalından azad edilməsi məsələsini ön plana çəkmişdir. Bu işlərin həyata keçirilməsi yolunda DAK-ın və onun rəhbərliyinin, xüsusən, Sabir bəyin, Firidun bəyin və Tənzilə xanımın böyük əməyi olmuşdur.
Əjdər, sən Nazim İbrahimovun qulbeçəsisən. Aranızda hansı „məsələ“ olubsa daim onu tərifləyərək, Sabir bəy və Tənzilə xanımla onun arasında qarşıdurma yaratmaqdasan. Sənin azarın hamıya məlumdur. Özünün dediyi kimi, DAK-a sədr Güney Azərbaycandan olmalıdır və ya heç olmasa həmsədrlərdən birinin Güneyli olması vacibdir. Bu istəyinə çatmaq üçün bu neçə illər ərzində hər cür qanunsuz əməllərə əl atmısan. DAK-da Daimi Şuranın ləğvi isə sənin iç üzünü açıb ortaya qoydu. Yaxşı bilirsən ki, DAK-ın elə bir tədbiri olmamışdır ki, Güney Azərbaycanda yaşayan 35 milyon Azərbaycan türkünün bu günki taleyi müzakirə edilməsin. Onların tapdanmış siyasi və mənəvi hüquqlarının bərqərar edilməsi, ədalətsizliklərə son qoyulması ilə bağlı İran rejiminə „Bəyanat“lar qəbul edilməsin. DAK bu gün də dünyanın əksər ölkələrinə səpələnmiş azərbaycanlıların hüquqlarının müdafiəsinin carçısı kimi tanınmaqdadır. Güneylilərə DAK-ın münasibətini bilmək istəyirsənsə, Sabir Rüstəmxanlının İranın dini lideri „Ayətullah Seyid Əli Xameneyiyə Açıq Məktub“ məqaləsini bir daha diqqətlə oxu.
Mən səni 9 ildir ki, tanıyıram. Həmişə eyni mövzuda, eyni cümlələrlə, çığır-bağırla türkü, kürdü, farsı və başqa millətləri bir-birinə qarşı qoymaqla türkdən savayı, digər millətlərin heysiyyətinə toxunmaqla özünü „türkpərəst qəhrəman“ kimi qələmə vermək istəmisən. Onu bil ki, hər bir millətin öz məsləki, öz əqidə və amalları vardır. Sənin kimilərin millətləri bir-birinə qarşı qoymağınızın nəticəsidir ki, bu gün farslar ermənilərlə doğma qardaşa çevriliblər. Sənin kimi qondarma siyasətçilərin əməllərinin nəticəsidir ki, qonşu dövlət olan İranla münasibətlərimizi hələ də bərpa edə bilmirik. Siyasət başqa şeydir, Əjdər, o sənlik deyil. Lakin mən əminəm ki, bir gün beyni qızmış bir kürd və ya fars sənin kimi „siyasətçinin“ boş başına yaxşı „sığal“ çəkəcək.
Əjdər, sən Tənzilə Rüstəmxanlını yaxşı tanımırsan. Onun adına söylədiyin qarayaxmaların acı nəticəsini çox görəcəksən. Onu ən azından bütün Azərbyacanda və Türkiyədə tanıyırlar. O, həddən artıq vətənpərvər, xalqını sevən bir qadındır. Onun Azəri-Türk Qadınlar Birliyində gördüyü işlər hamının gözü qarşısındadır. Sən onu elə məsələlərdə ittiham edirsən ki, bu onun səlahiyyətlərinə daxil olmamaqla, nə yaşına, nə başına, nə maddi durumuna, nə də mənəvi saflığına yaraşmır. Heç bir dəlil-sübuta əsaslanmayaraq onu „cinayətkar“ kimi təqdim etməyin hansı əxlaq normalarına sığışır? Sən Azərbaycan qadını barəsində danışdığını, onun ailə-məişət məsələlərinə burnunu soxduğunun nəticəsinin nə olacağını qanmırsan.
Sənin arvadın, bacın və ya yaxın qadın qohumun haqqında belə cəfəngiyyatlar söyləyən bir „kişiqırığına“ qarşı necə hərəkət edərdin? Yadında saxla, söylədiyin „fikirləri“ sübuta yetirə bilməsən özündən küs. Kişi, kişi ilə cəngi-cüda edər. Unutma ki, bu qadının ailəsi, qohumları, yaxınları, dostları var…
Tənzilə Rüstəmxanlı Azəri-Türk Qadınlar Birliyinin sədri, DAK sədrinin Türk Dünyası üzrə Müşaviri, „Xatun “ jurnalının təsisçisidir. Türk dünyasına xidmətlərinə görə 6 dəfə „ Türk dünyası Araşdırmalar Vəqfi “nin mükafatına, 2001-ci ildə keçirilən sorğuya görə „İlin qadını“ adına layiq görülmüş, Türk dünyası ilə əlaqələrə görə „Qız qalası“, „Qızıl Buta“ və s. mükafatlarla təltif olunmuşdur. Haqqında yazılmış „Dumanda itən Vətən“(2005) maraqla qarşılanmış, Kipr və Türkiyədə onlarla məqalələri və 2009-cu ildə „Türk-müsəlman soyqırımı“ adlı monoqrafiyası çap edilmişdir. 2009-cu ildən filologiya üzrə fəlsəfə doktorudur. Ən əsası isə kişi təbiətli bir qadın, Qərbi azərbaycanlıların böyük hörmət bəslədiyi bir insandır. Başını hara soxduğunu bilmirsən…
Əjdər, XIII İstanbul qurultayının iştirakçılarından biri də mən idim. Onun nə dərəcədə yüksək səviyyədə keçirildiyinə özün də şahidsən. Qurultayda iştirakçılar (mandat alanlar) və qonaqlar iştirak edirdilər. Qurultaya dəvət olunmuş sənin „dostların“ Qəmbərov İsa, Hüseynov Pənah və Hacıyev Arif çıxış etdilər və bu qurultayın təşkilatçılığından və gedişatından razı qaldıqlarını bildirdilər. Sən isə deyirsən ki, onlar qurultaya istehza etdilər, güldülər, onu şou adlandırdılar. Mən inanıram ki, onlar sizin bu hərəkətinizdən xəbər tutsalar sizin kimi dostu yanlarından qovacaqlar.
Deyirsən ki, Sabir bəy peyğəmbərlik iddiasına düşüb, qurultaya bir yığım adam gətirirlər ki, ona əl çalsınlar. O da elə bilsin ki, peyğəmbərdir. Açıq şəkildə qurultay iştirakçılarını təhqir edərək bildirirsən ki, qurultaya gələnlər, Sabirin ətrafındakılar dəli-dülülər idi. Sən hansı haqla bütün qurultay iştirakçılarını və qonaqları təhqir edirsən. Yadında saxla ki, həmin „dəli“ dediyin adamlar bir gün sənin „payını“ verəcəklər. Artıq hamı sənin psixi cəhətdən normal adam olduğuna şübhə edirlər.
Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının Xalq şairi, tanınmış ziyalısı, VHP-nin sədri, DAK-ın həmsədri, millət vəkili, onlarla böyük həcmli nəsr əsərlərinin, yüzlərlə şeirlərin və məqalələrin müəllifidir. Sədaqətli dost, gözəl ailə başçısıdır. Ən əsası isə, millətini, vətənini həyatından çox sevən bir insandır. Bu gün Azərbaycanda belə ziyalılar çox az saydadır. Əjdər, sənin kimi ətrafında quyruq bulayıb dolanan, sonra isə qəfildən arxadan zərbə vuran „kişilər“ olmasa, onlar bir neçə illər də yaşayıb yarada bilərlər. Belə ziyalıların „başını yeməyə“ çalışmayın. Onlar Azərbaycana çox gərəkli insanlardılar.
Əjdər, Sabir bəyin peyğəmbər olmağa heç bir ehtiyacı yoxdur. Bir tərəfdən də sənin kimi adamlara peyğəmbər gərəkdir ki, yol göstərsin, əxlaq dərsi keçsin, kişilik, mədəniyyət və mənəviyyatın nə olduğunu başa salsın.
Əjdər Tağızadə, papağını qabağına qoy, yaxşı-yaxşı fikirləş. Onun-bunun bostanına daş atmaq düzgün əməl deyil. Sən də bir ailənin başçısısan. Hələ həyata keçirilməli o qədər işlərin var… Ağzını açanda elə sözlər işlədirsən ki, onu bir batman balla yemək olmur. Heç kəsə haqq verilməyib ki, kiminsə şərəf və ləyaqətini təhqir etsin. Üç hissədən ibarət „əsərində“ elə məsələlərə toxunursan ki, ondan qan iyi gəlir. Sən əsəb xəstəsisən. Get vaxtında müalicə olun.
Səməndər Çaxmaqlı
İnterpress.az