İnterpress.az xəbər verir ki, “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri, XALQ.AZ-ın baş redaktoru Zaur Mirzə-zadə «İki sahil» qəzetinə açıqlamasında iyulun 10-da Gəncədə baş vermiş terror hadisəsini şərh edərkən bildirib ki, bu hadisə Azərbaycanı istəməyən güclərin xaincəsinə hazırladığı təxribatdır: \”İki yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi Azərbaycana qarşı yönəlmiş terrordur. Ölkəmizin inkişafını istəməyən, xaos yaratmaq niyyətində olanların planlarıdır. Bu hadisələri törədənlər tezliklə cəzalarını alacaqlar. Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz. Çünki dövlətimiz bu sabitliyi əldə etmək üçün çox böyük sınaqlardan keçib.\”
Zaur Mirzə-zadə vurğulayıb ki, xalqımız müstəqil Azərbaycanda mövcud olan bu dəyərlərin qorunması naminə elə sıx birləşib ki, bu birliyi heç bir vəchlə pozmaq mümkün deyil: \”Bu cinayətlərin səbəbləri və arxasında dayanan məsələlər ciddi şəkildə araşdırılacaq. Hesab edirəm ki, Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafında daha sıx birləşməsini tələb edir. Bu hadisələr bizi daha da birləşdirməlidir. Dövlətin qanuni təmsilçisinə, polis zabitlərinə əl qaldıranlar terrorçu kimi qəbul edilməli, nəinki onların özləri, dəstəkçiləri də aşkarlanıb qanunla sərt cəzalandırılmalıdır.\”
İnterpress.az