Ölkədaxili qısamüddətli turlardan xəbəriniz olar. Xüsusən yay aylarında çoxları turizm şirkətlərinin bu cür təkliflərini dəyərləndirir. Qışda Şahdağdan başqa getməyə haramız var ki? Yayda isə seçim çoxdu – Şamaxı, İsmayıllı, Şəki, Qəbələ, Qax bir istiqamət, Lənkəran, Masallı, Lerik bir istiqamət, Quba, Qusar, Xaçmaz digər bir istiqamət. Uzunmüddətli tətil imkanı olmayanlar üçün bu turlar çəkicidir. Həftəsonu şəhərin səs-küyündən aralanıb 1, ya da 2 günlük yaxın rayonlarda təbiətin seyrinə çıxmaqla qafanı yeniləmək olar əslində. Turların qiyməti o qədər də yüksək olmadığı üçün xaricdəki tətildən fərqli olaraq ölkəiçi tətilə hazırlığın əsas məsələsi maddi yox, psixoloji hazırlıqdır.
Axşamdan evinizin sakit bir guşəsinə çəkilib meditasiya vəziyyəti alın, sabahın çox gözəl gün olacağını özünüzə təlqin edin. Özünüzə söz verin ki, hər xırda-mırda əyər-əskiyə hirslənməyəcəksiz. Qapıdan çıxanda “Allahım, mənə səbr, dözüm ver” deməyi saqın, yadınızdan çıxarmayın. Bunu birgünlük Şamaxı səfərindən sonra dərk etdiyimiz üçün üzgünük. Sadəcə içimizdəki insan sevgisi diqtə edir ki, təcrübəmizi sevgili oxucumuzla bölüşək, bəlkə kiməsə faydası dəydi.
Turizm agentliklərindən birinin – \”Atlas Travel\”in internet səhifəsini incələdik. Reklamçısı kimdirsə, yaxşı işləyir. Çay, göl kənarında, meşədə çəkilən maraqlı şəkillər, turun keçəcəyi yoldan görüntülər xoş hisslər yaradırdı. Şərtlərdə yazılmışdı ki, 30 nəfərlik avtobus səhər saat 7-də Bakıdan çıxır, 9.30-da Pirquludakı istirahət mərkəzlərindən birinə çatır, səhər yeməyindən sonra bələdçi turistləri meşə ilə çay və göl kənarına, bulaq başına aparır. 2-3 saat sonra yenidən istirahət mərkəzinə dönülür, nahardan sonra əyləncəli oyunlar keçirilir. Saat 4-də Şamaxı Astrofizika Rəsədxanasına gedilir. Sonra yenidən sərbəst vaxt və saat 7-də Şamaxı cümə məscidinin ziyarəti, ardınca təbiət qoynunda samovar çayı səfası və saat 20.30-da Bakıya dönüş. Necə deyərlər, 1 günlük tur üçün yetərincə dolu qrafik.
Səhər saat 7-yə 10 dəqiqə qalmış deyilən yerdəydik. Ödəniş çekini təqdim edib komfortlu avtobusda yerimizi alırıq. Bizdən başqa heç kim yoxdu. “7-də çıxmırıq ki, adamlar hanı” sualımıza bələdçimiz “harda olsalar gələrlər indilərdə” cavabını verir. Saat 8-ə 10 dəq qalıb. Biz hələ hansısa Pərvanə xanımgili gözləyirik. 8 tamam naza-qəmzəyə bürünmüş 2 qadın gəlir, üzlərinə baxanda anlaşılır ki, gecikmələrinin səbəbi 99 faiz sabah-sabah makiyaj masasının qabağında yaxşıca ilişmələridi. Taxma kiprik-filan. Əyləncəli idi… Nə bələdçi, nə də içi biz qarışıq, turistlərdən heç kim onlara heç bir irad demədik.
İbtidai insan çox ölkələrdə muzeylərdə maket halındadı, bizdə isə onlar hələ də küçələrdə gəzir, həyatımızı özlərinin ibtidai qaydaları ilə “rəngləyir”. 21-ci əsrdir, bizim insan hələ də sıraya düzülməyi, vaxta dəqiq yanaşmağı, hara nə geyinməyi öyrənə bilmir…
08.05-də nəhayət avtobusun motorundan bayaqdan gözlədiyimiz səs çıxır.
Bakı-Şamaxı yolunun uzun bir hissəsi təmirə bağlıdır. Ona görə yavaş gedirdik. Pirquluya çatanda saat 11 idi. Saatyarım belə getdi… Səhər yeməyində bəlli oldu ki, bizim üçün ayrılan masada 1 nəfər nəzərə alınmayıb. Başqa masaların da sahibi olduğu üçün onu ayaq üstə xeyli gözlətdilər. Sonra çıxış yolunu masanın küncündə ona yer eləməkdə gördülər. Qarşısına kiçik bir boşqab və nəlbəkisiz stəkanda çay qoydular. Onsuz da o əyləşənə qədər digərləri payını silib-süpürmüşdülər, iri boşqab nəyinə lazım idi ki?.. İlk gərginlik onda yaşandı. Qadın ödədiyi pulun qarşılığında xidmət almamsından əsəbləşmişdi. Sabitliksevər xalqımızın turist nümayəndələri onu tezcə sakitləşdirdilər – əşşi, noolacaq, al, məndən yumurta, burda da çörək qalıb, batır çörəyi balın qabına inşallah şirin olar, darıxma…
Səhər yeməyindən sonra gözlər tur bələdçisini axtarır. Axı, indi biz bulaq başına, göl kənarına getməliyik. Bələdçi dedi, gözləyək, indi bir qrup da gələcək, onlar da bizimlə getməlidi, çatırlarmış. Çatmadılar, qardaş. Yarım saatı ancaq səbr elədik – meşənin, quşların səsi çağırırdı. 2 saat meşəni dolaşdıq. Əla idi. Təbiətin səsi insan beyninin sözün əsl mənasında dinclik dərmanıdı. Dəniz olsun, çay olsun, meşə olsun, təbiətə qulaq kəsilmək əladı. Meşədə bir neçə dəfə “qrup yoldaşlarımızı” gördük, hamı çayı və gölü axtarırdı, amma tapa bilmirdi. Bələdçinin arxasınca 2 dəfə uşaq göndərdik, gəldilər, dedilər ki, qızlarla domino oynayır ki, o biri qrup gələnə qədər vaxt getsin.
Saat 2-nin yarısı turist dəstəmiz meşədən ac qurd kimi çıxdı. Daha nə bələdçi, nə də “o biri qrup” yada düşürdü. Hərə cibinə uyğun sifarişini verib gözləməyə başladı. Elə bu vaxt geniş ərazini “talkuşka kralı” Üzeyirin səsi basdı. Masamızın 2 addımlığında qurulan rəqs meydançasında şamaxılı “DJ” öz məharətini göstərməyə başlamışdı… Gözümüzün qarşısındakı o gözəl, yamyaşıl dağlarda oynayan küləyin, növbənöv quşların səsi bir anda yerini beyin deşən guppagurupa verdi. Aman Allah, – düşünürəm -, mən kar olmuşam?
Qarşımdakı insan danışır, ağzı tərpənir, səsi gəlmir, lap Bakı toylarındakı kimi. Yox, deyəsən, kar olmamışam – kar olsaydım, bəzilərinin musiqi saydığı bu dəhşətli səs yığınını eşitməzdim axı. Təxminən 15 dəq sonra “talkuşka mahnılarını” milli rəqs musiqisi əvəz edir. Qrupumuzdakı 3-4 gənc qız sözün əsl mənasında performans göstərirlər. Aaaaa, bu bizim ofisiant deyil? Səhərdən 2 dəfə ona “heç olmasa su gətir, kababı gözləyərik” demişik, 40 dəqiqədi itib. Bu da o biri masanın ofisiantı… Düşüb ortaya müştərilərlə oynayırlar… Güləsən, ağlayasan?
Ofisiantları birtəhər meydandan çıxarırlar. Rəqs musiqisi yenidən “talkuşka” repertuarı ilə əvəzlənəndə daha dözümrük, administratordan “o səsi ala bilərsiz, biz bura Bakının səs-küyündən qaçıb, baş-qulaq dincəltməyə gəlmişik” tələbində bulunuruq. Bizə sübut etməyə çalışır ki, bu musiqini kimsə sifariş verib. Yüksək səslə qrupdan soruşuruq – ay camaat, bu musiqini kim sifariş verib? Səsi çıxan yoxdu. Guya çıxsa, eşidəcəyik ki?… Əksinə hamı – “alın o səsi” deyir. Zor-güc administratoru səsi almağa razı salırıq. “DJ” o tərəfdən baxır və irişir. 3-4 dəqiqə sonra səs lap yüksəkdən gəlir. Kişinin oğlu acığa düşüb.
Başımız qarışıb siyasi gündəmə, “mədəniyyət” hadisələrdən xəbərimiz yoxdur. Siz deməyin, bizim ölkəmizdə buşmen boğazları ilə ifa eləyən böyük bir ifaçı tayfası yaranıb. Bu dəfə “DJ”-in özünə işarə veririk ki, dəng olduq, səni dəng olasan, səsi azalt. Qanmır. Yenə çarə administratordadı. Bir təhər razı salırıq – hər gün bu musiqini dinləməkdən qardaşın zövqü korlanıb, deyir, nooolub ki, mahnıya, gül kimi mahnıdı, dənə… Səs azalır, amma kəsilmir. 5 dəq keçməmiş yerimizdən dik atılırıq – bu dəfə sıra dünyanın “vəvü” ulduzlarındadır. O bağırtıları eşidəndə Şamaxı meşələrində neçə quşun ürəyi partladı, bilmirəm. Hamının başı şişib, çox vaxt hamının yerinə danışmaq jurnalistin qədəri olduğu kimi, bəzən dərs vermək də onun payında düşür. Verəlim…
Sakit-sakit “dj”yə yaxınlaşdım, o başını qaldırmağa macal tapmamış bilgisayarını şəbəkəyə bağlayan kabel yerdə sürünür, səsgücləndiriciyə bağlayan kabel isə ikiyə bölünmüş halda göylə meşəyə tərəf uçurdu… Affekt vəziyyəti nədi, “günah həmişə ölən köpəyoğlundadı” atalar sözü necə yaranıb onda anladım. Səsin qəfil kəsilməsi ilə “istirahət mərkəzi”ndəkilərin hamısının qəfil bayaqdan səs gələn tərəfə çevrilməsi bir oldu. “DJ” çaşmışdı. Gözləmirdi. “Sən öləsən”lə başlayan 2 cümlə də qurub turistlərin alqış sədaları altında masama qayıtdım. Orda məni “məhkəmə heyəti” gözləyirdi.
Restoranın direktoru – “burda haçağ nə olacağ, nətər olacağ, ona biz qərar verrüg, xoşun gəlmir, gələn dəfə gəlmə, dəyən ziyanı ödəyərsən (2 manatlıq kabel bölmüşük), lazımi yerlərdə də cavab verərsən” – deyir. Dəstəkçisi administratordur – “dedün, mən də səsi aldırdım, şnuru niyə qırırsan? Camaat bırda istiraatdığa gəlib”. Biz yadplanetliymişik, bura da “şnur” qırmağa gəlmişik. Dayanın…
“İttihamnaməni” dinləyəndən sonra deyirəm, mən filan qəzetin filan jurnalistiyəm, müştərinin hər zaman haqlı olduğunu sizə başa salmaq üçün bura rayon rəhbərliyindən kimi çağırmaq lazımdır, deyin, zəng eləyim. Yumağa dönürlər… sifətlərə dünyanın ən iyrənc ifadəsi yaltaqlıq çökür. “Siz Allah bağışlayın”lar havada uçuşur. Sonrakı 1 saatda 15 dəfə “day nə qulluq eləyi bilərik” təklifləri gəlir… “DJ”-yə nə deyirlərsə, zir-zibilini “Jiqulu”sinin baqajına yığır sivişir. Elə gərək, sizə hədə-qorxu gəlinə? Başqa peşə sahiblərinin tələblərini qulaqardına vurmaq olar, ancaq jurnalistin əli “uzun” olduğu üçün onun qarşısından çəkilmək lazımdı? Ay sizi… müştəri ilə “sən”lə danışam Şamaxı lotuları…
Niyə axı insanımız qarşısına biri çıxıb onu sındırana qədər qanmazlığı ilə öyünür? Məsələn, Anadolu cocuğu ilə Şamaxı uşağının fərqi nədir ki? Niyə müştəri ondan bir şey istəyəndə “həmən” deyib, anında əməl edir, bizimkilər isə özlərini dəliliyə qoyur?
Hə, biz istirahətə gəlmişdik axı… Sonrakı dayanacağımız Şamaxı Astrofizika
Rəsədxanasıdır. Deyəsən, 1959-cu ildə Yardımlıda kiminsə başına bizim Pirquluda başımıza gələndən gəlib, çünki həmin il ora göydən daş yağıb. İndi həmin meteoriti Şamaxıdakı rəsədxanada saxlayırlar. Bələdçi maraqlı danışır… Axırda bu il Ayın hansı gün göründüyünü soruşuruq – Ramazan bayramını gününü dəqiqləşdirməkdi məqsədimiz. Bəlli olur ki, Ay iyulun 16-dan 17-nə keçən gecə görünüb, Qafqaz Müsəlmanları İdarəsinə bu haqda dərhal bilgi verilib. 16-sı bayram axşamı, 17-si bayram günü olub. Qafqaz Müsəlmanları İdarəsi isə bayramı 18-nə salıb. Həmin gün Ay 2 günlük imiş…
Şamaxı cümə məscidinə gələnə qədər elə bilirdik, bura tarixi abidədi. Deyilmiş…cəmi 2 yaşı var. Böyük kompleksdi. Həyətində çay daşından arkalar görünür. Belə təxmin elədik ki, yeni məscid köhnə məscidin yerində salınıb. Bələdçi olmadığından suallarımız cavabsız qaldı. Düzünü şamaxılılar bilir.
Şamaxı məscidində ölkəmizdə turizmin bütün mənalarda inkişafı üçün dua etdim. Görəsən, məndən başqa dərgahı belə bir arzu ilə narahat eləyən olub?
Saat 18… Şamaxı sözün əsl mənasında yanır. Hamı tez yola çıxmaq, turun sonuncu dayanacağı olan təbiət qoynunda samovar çayı kefinin dadını çıxarmaq istəyir. Tur rəhbəri isə bizə ən böyük pisliyini edir – avtobusu şəhərin çıxışında, düzəngahda, mal tövlələrinə yaxın yerdəki çay evinə sürdürür. Orda o qədər milçək vardı ki, çay evinə yaxınlaşmağımızla sürətlə dönüb avtobusa minməyimizin arası 1-2 dəqiqə çəkdi. 2-3 nəfər qrupdan ayrılıb çay sifariş verdi və biz günün altın yaxşıca qızmış dəmirin – avtobusun içərisində onları yarım saat gözləməli olduq. Beləcə saat yarım gec çatdığımız Şamaxıdan, saatyarım tez ayrıldıq, Kiçik Qafqaz sıra dağlarını burula-burula Bakıya gəldik.
Bu da sizə daxili turizm…
2 gündü Şamaxının şəninə yazılan mahnı dilimdən düşmür. Ancaq sözlərini bir az dəyişmişəm:
Necə sevməyim səni,
Ey turizmin Vətəni?
Qüvvət almışam axı,
Şnur qırmışam axı,
Şamaxı, ay Şamaxı. ( musavat.com )
İnterpress.az