AAK-ın keçmiş rəhbərləri yeni İdarə Heyətinə uğurlar arzulayıblarbackend

AAK-ın keçmiş rəhbərləri yeni İdarə Heyətinə uğurlar arzulayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Avropa Azərbaycanlıları Konqresinin (AAK) VII qurultayında təşkilatın strukturunda bir sıra dəyişikliklər edilib.

Qurultayda mövcud tələblərə uyğun olaraq yeni idarə formasının yaradılması ilə əlaqədar AAK-ın Nizamnaməsinə dəyişikliklər edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda diaspor təşkilatlarının və Avropada yaşayan azərbaycanlıların fəaliyyətinin koordinasiya edilməsi məqsədilə AAK-ın yeni strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Səsvermə nəticəsində Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Monteneqro üzrə əlaqələndiricisi Seyran Mirzəzadə, Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının Strasburq üzrə əlaqələndiricisi Mehriban Ovçuyeva, İtaliyadakı “Center of Economic Development”in təsisçisi Elxan Riçard Sadıq-Zadə, Avstriyada Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, Fransada yaşayan hüquqşünas Zaur Sadıqbəyli, “Natəvan” cəmiyyətinin rəhbəri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiyadakı əlaqələndiricisi Leyla Bəyim Cəfərova, Almaniya-Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi Altay Rüstəmov və İsveçdəki “Qarabağ” Cəmiyyətinin üzvü Aida Amir Haşimi AAK İdarə Heyətinin üzvləri seçiliblər.

AAK-ın ənənəsinə əsasən, Sahil Qasımov bundan sonra təşkilatın fəxri prezidenti statusunu daşıyacaq.

VII qurultaya qədər AAK rəhbərliyində təmsil olunan şəxslər qurultayla bağlı fikirlərini bölüşüb, struktur dəyişikliklərini alqışladıqlarını və yeni İdarə Heyətinə uğurlar arzuladıqlarını bildiriblər.

AAK-ın fəxri prezidenti Sahil Qasımov:
“AAK-ın Brüsseldə keçirilən VII Qurultayı uzun müddət yaddaşlarda qalacaq. Müxtəlif Avropa ölkələrdindən diaspor nümayəndələrinin iştirak etdiyi tədbirdə AAK-ın 2017-2022-ci illər üçün 5 illik hesabatı dinlənildi, qurumun fəaliyyətinə dair videoçarx nümayiş etdirildi, qurumun gələcək fəaliyyət istiqamətləri müzakirə edildi. AAK- ın yeni İdarə Heyəti Avropada elm və təhsil sahəsində uğurla fəaliyyət göstərən 9 soydaşımızdan ibarətdir. Qarşıdakı illərdə Konqresdə prezident, vitse-prezident və baş katib institutları ləğv olunacaq, fəaliyyəti Brüsseldəki Azərbaycan Evindən koordinasiya ediləcək. İnanıram ki, qurultayda seçilmiş İdarə Heyəti gələcəkdə yeni uğurlara imza atacaq, perspektivli bu qurumu layiqincə təmsil edəcək”.

Azərbaycan-Türkiyə Evinin və “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı:
“AAK-ın növbəti qurultayı çox yüksək səviyyədə keçdi. Demək olar ki, AAK-a üzv təşkilatların əksəriyyətinin rəhbərləri qurultayda iştirak edirdi. Qurultayda köhnə təşkilatlarla yanaşı, AAK-a yeni qoşulan təşkilatlar da təmsil olunurdu. AAK-ın keçmiş İdarə Heyəti ötən müddət ərzində görülmüş işlərə dair hesabat verdi. AAK-da təmsil olunan təşkilat rəhbəri kimi mən də qurultayda çıxış etdim. Sevindirici haldır ki, AAK-da artıq çox savadlı, perspektivli, Avropaya yaxından bələd olan gənclər də təmsil olunacaq. Bu gənclər həm Azərbaycanı çox sevirlər, ona bağlıdırlar, həm də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirlər. Bu gənclərin Azərbaycanı layiqincə təmsil edəcəyinə inanırıq. Bir faktı da qeyd edim ki, AAK-da müsbətyönümlü struktur dəyişikliklər də oldu. Bunun faydalarını tezliklə görəcəyik. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti də tədbirdə iştirak edirdi və görülən işlər Komitə tərəfindən də yüksək qiymətləndirildi. Ümidvaram ki, AAK bundan sonra da ciddi işlərə imza atacaq”.

AAK Əlaqələndirici Katibliyinin rəhbəri, Finlandiya Azərbaycanlıları Assosiasiyasının vitse-prezidenti Arzu Oktay:
“Avropa Azərbaycanlıları Konqresinin növbəti – VII Qurultayı Belçikanın paytaxtı Brüsseldə çox yüksək səviyyədə təşkil olunmuşdu. Qurultayda üzv təşkilatların rəhbərləri, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti iştirak edirdi. AAK Avropadakı diaspor təşkilatlarının birləşdiyi ilk Konqresdir və fəaliyyətini davam etdirməsinə Diasporla İş üzrə Dövlət Komitəsi dəstək oldu. AAK İdarə Heyətinə yeni üzvlər seçildi. Biz inanırıq ki, bizdən sonra Konqresi idarə edəcək savadlı, işbilən gənclər Konqresin öz işini ən yüksək səviyyədə davam etdirməsi üçün əllərindən gələni edəcəklər”.

Danimarka Vətən Cəmiyyətinin sədri, AAK-ın keçmiş vitse-prezidenti, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Səfər Sadiqi:
“AAK-ın qurultayının 5 ildən sonra Brüsseldə keçirilməsi, Konqresdə struktur dəyişikliklərinin aparılması, İdarə Heyətinə gənclərin seçilməsi çox sevindirici haldır. Çünki gənclər bugünkü həyatla, texnologiya ilə ayaqlaşırlar. Biz Konqres üçün əlimizdən gələni etmişik. İndi yol gənclərindir. Biz də əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Mən inanıram ki, bundan sonra da Konqresin fəaliyyəti ilə bağlı gözəl nəticələr, yüksək göstəricilər əldə edəcəklər”.

Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, AAK-ın fəxri prezidenti Başar Kömür:
“AAK Azərbaycan diaspor təşkilatlarını özündə birləşdən bir qurumdur və 20 ilə yaxın müddət ərzində Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Artıq zaman dəyişib. Biz Zəfər qazanmış bir ölkənin vətəndaşları və soydaşlarıyıq. AAK-ın İdarə Heyətinə seçilən 9 nəfərin hamısı çox ziyalı gənclərdir. Bu, əslində zamanın tələbidir və çox sevindirici haldır. Gənclərin burada təmsil olunması mənə görə çox müsbət haldır. Şükürlər olsun, Azərbaycanın Avropadakı diasporu çox yüksək səviyyədə işlər görəcək. Təbii ki, Azərbaycan dövləti, Diasporla İş üzrə Dövlət Komitəsi də öz köməyini əsirgəməyəcək. Mən də öz növbəmdə AAK-a uğurlar arzulayıram”.

Almaniya-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri, AAK-ın keçmiş vitse-prezidenti Yaşar Millnets Niftəliyev:
“AAK -ın növbəti qurultayı çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən AAK-ın sabiq vitse-prezidenti kimi vurğulamaq istərdim ki, AAK İdarə Heyətinə gənclərin seçilməsi təqdirəlayiq hal idi. İdarəçiliyin gənclərə ötürülməsi zamanı yetişmişdi. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Qeyd edim ki, İdarə Heyətinə çox savadlı kadrlar cəlb olunub. AAK böyük təşkilat olduğu üçün ora cəlb olunan kadrlar da həm savadlı, həm də təcrübəlidirlər. Bu, çox düzgün qərar idi. Əminəm ki, AAK bundan sonra da ancaq irəli gedəcək”.

AAK-ın keçmiş vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, “Azərbaycan Naminə” cəmiyyətinin sədri Nadir Hollenbrand:
“Üzrlü səbəblərdən dolayı AAK-ın növbəti qurultayında iştirak edə bilməsəm də, qurultayın çox yaxşı keçirildiyi barədə eşidirəm. İsveçdəki “Qarabağ” Cəmiyyətinin üzvü, savadlı və qabiliyyətli Aida Amir Haşimi də qurultayın İdarə Heyətinə seçilib. Ümid edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq. Biz bundan sonra da Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliği ilə məşğul olacağıq”.

Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva:
“AAK Avropadakı 100-ə yaxın təşkilatı özündə birləşdirir, 20 ilə yaxındır fəaliyyət göstərir. Növbəti qurultayın məqsədi Avropada fəaliyyət göstərən təşkilatlar arasında münasibətlərin daha da möhkəmləndirilməsində, koordinasiya edilməsində, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolu olmuş təkşkilatlardandır. Qurultay zamanı yeni tərkibdə İdarə Heyəti təsdiq edildi. Bu İdarə Heyətinin üzərinə böyük məsuliyyət düşür. Çünki post-müharibə etapı çətin dövrdür. Onlara işlərində uğurlar arzu edirəm. AAK-ın üzvləri artmalıdır. Avropada fəaliyyət göstərən təşkilatların hamısı AAK-da birləşməlidir”.

Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın:
“Avropa Azərbaycanlıları Konqresinin Belçikanın Brüssel şəhərində keçirilən VII qurultayında müxtəlif şəhərlərdən gələn 50-dən artıq təşkilat rəhbəri ilə bərabər mən də iştirak edirdim. Ötən dövr ərzində görülmüş işlər barədə məlumat verildi, yeni tərkibdə əsasən gənclərdən ibarət İdarə Heyəti seçildi. İdarə Heyətinə seçilmiş gənclərin daha əzmlə işləyəcəklərinə inanırıq. Çünki böyüklərin təcrübəsindən, gənclərin də enerjisindən faydalanmaq lazımdır. Biz Avropadakı Azərbaycan təşkilatları bu qurultayın müsbət hadisə olduğuna, bu gənclərin Azərbaycanın milli mənafeni qoruyacağına, Avropa azərbaycanlıları arasında dialoqun yaradılmasına töhfə verəcəklərinə inanırıq”.