ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraq və Suriyadakı hərbi qüvvələrə hücumlar səbəbilə İran İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qrupların Suriyanın şərqində istifadə etdiyi iki obyektə hava hücumu təşkil edildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hücumların ABŞ prezidenti Co Baydenin əmri ilə həyata keçirildiyini bildirən Ostin bütün dövlət və qeyri-dövlət təşkilatlarını daha geniş regional münaqişəyə çevriləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Son həftələrdə İraq və Suriyada ABŞ qüvvələrinə qarşı təşkil edilən ümumilikdə 19 hücumda bir ABŞ əsgəri sığınacağında ürək tutmasından ölüb, 21 ABŞ ordusunun hərbçisi yüngül yaralanıb. Ağ Evdən bir gün əvvəl verilən açıqlamada Baydenin İranın dini lideri Ayətullah Əli Xameneiyə mesaj göndərdiyi və Tehranı Yaxın Şərqdəki ABŞ personalını hədəf almaması ilə bağlı xəbərdar etdiyi açıqlanıb.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi briqada generalı Patrik Rayder ABŞ əsgərlərinin müdafiəsini gücləndirmək üçün təxminən 900 əlavə personalın Yaxın Şərqə getdiyini açıqlayıb. Bildirilib ki, bu əsgərlər tibbi yardım, partlayıcı maddələrlə mübarizə kimi dəstək vəzifələrini öz üzərinə götürəcəklər.